Dünyada ərəb, fransız və digər dillər günü qeyd olunduğu kimi, Türk dili Günü də qeyd edilməlidir.
Bunu "Report"un Avropa bürosuna açıqlamasında UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuz deyib.
Professor bildirib ki, beynəlxalq tədbirlərin artıq Türk dilinə tərcümə olunmasına başlanılıb:
"İlk növbədə, Türk dövlətlərinin qədim mədəniyyətini öz sərhədlərimiz daxilində yaxından tədris etməliyik. Bununla yanaşı da Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və digər institutlarımız birlikdə əl-ələ verib Türk xalqlarının irsini dünyada təbliğ etməliyik. Bu sahədə gördüyümüz ən önəmli tədbirlərdən biri də Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" əsərinə həsr olunmuş beynəlxalq konfransın UNESCO səviyyəsində keçirilməsidir.
Mahmud Kaşğari hələ o dövrdə demişdi ki, ərəbdilli xalqların qarşılıqlı münasibətlərin inkişafı üçün Türk dilini öyrənmələri lazımdır. Bu beynəlxalq tədbirin BMT-nin rəsmi dilləri olan rus, ingilis və fransız dillərinə tərcümə olunmaqla yanaşı, Türk dilinə də tərcümə olunması əlamətdar bir hadisədir".
Professor qeyd edib ki, 15 dekabr dünyada Türk dili Günü elan olunmalıdır.
"Danimarkalı alim Vilhelm Tomsenin 15 dekabr tarixində "Türk əlifbasını tədqiq edib başa çatdırdım" dediyi günü Türk dili Günü kimi qeyd etməyi təklif edirik. Biz UNESCO qarşısında bu təkliflə çıxış etməyi düşünürük. Dünyada ərəb, fransız və digər dillər günü qeyd edildiyi kimi, Türk dili Günü də qeyd edilməlidir", - Öcal Oğuz vurğulayıb .