UN-Habitat: Azərbaycan minatəmizləmə işlərinin 95 %-dən çoxunu müstəqil şəkildə həyata keçirir

Xarici siyasət
  • 02 sentyabr, 2026
  • 12:38
UN-Habitat: Azərbaycan minatəmizləmə işlərinin 95 %-dən çoxunu müstəqil şəkildə həyata keçirir

Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsi üzrə səylərin 95 %-dən çoxunu müstəqil şəkildə təmin edir və bu təcrübə digər dövlətlər üçün mühüm nümunə ola bilər.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regional ofisinin direktoru Erfan Ali Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, minalarla çirklənmə çox ciddi və böyük bir problem olaraq qalır.

UN-Habitat-ın nümayəndəsi bildirib ki, hökumətin rəhbərliyi altında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) səyləri sayəsində artıq 3 min hektardan çox ərazi minalardan təmizlənib: "Hökumət minatəmizləmə üzrə bütün işlərin 95-96 %-dən çoxunu müstəqil şəkildə həyata keçirir və bu da çox vacibdir. Azərbaycan hökumətinin iddialı hədəflərini və səylərinin miqyasını nəzərə alsaq, bu, digər ölkələrin də nümunə götürə biləcəyi son dərəcə əhəmiyyətli mesaj və dərsdir".

E.Ali vurğulayıb ki, genişmiqyaslı minatəmizləmə işlərinin aparılması azad edilmiş ərazilərin sonrakı bərpası üçün kritik əhəmiyyət kəsb edir.