Ukrayna parlamenti sədrinin birinci müavini: "Zelenskinin Bakıya səfəri iki ölkənin münasibətlərində yeni mərhələdir"
- 19 dekabr, 2019
- 12:37
Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələsi və daha səmərəli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilə bilər.
Bu barədə “Report”un Avropa bürosuna Ukrayna Ali Radası (parlamenti) sədrinin birinci müavini Ruslan Stefançuk bildirib.
“Bu səfərlə daha ciddi yeniliklərin təməli qoyulacaq. Əməkdaşlığın yeni istiqamətləri hər iki ölkənin prezidentləri tərəfindən həm birgə bəyanatlarda, həm də ikitərəfli görüşlər zamanı açıqlanıb. O cümlədən qarşılıqlı sərmayə yatırımları, “SOCAR Ukraine”nin fəaliyyətinin daha da genişləndirilməsi, həmçinin diplomatik, iqtisadi, mədəni və s. sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün hədəflər müəyyənləşdirilib. Ən əsası isə Ukrayna prezidenti Bakıda Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini, işğalı pislədiyini açıqladı. Əslində Ukrayna xalqı da münaqişənin ağrı-acısını yaşadığı üçün biz bu problemləri yaxşı başa düşürük. Bu baxımdan da Zelenskinin Bakıya səfəri iki ölkə münasibətlərinin tarixində mühüm hadisəyə çevrildi”, - R.Stefançuk deyib.
Ukrayna rəsmisi səfər çərçivəsində imzalanan sənədlərin məhz əməkdaşlıq baxımdan yeni üfüqlər açmaqla həmçinin Ukrayna ilə Azərbaycan arasında beynəlxalq meydanda qarşılıqlı etimadını daha da artıracağını vurğulayıb.
İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsindən danışan Ukrayna parlamentinin sədr müavini ölkəsində fəaliyyət göstərən azərbaycanlı iş adamlarının Azərbaycanın da mənafeyinə xidmət etdiklərini diqqətə çatdırıb: “Bu, nəinki iqtisadi sahədə, həm də ictimai-siyasi sahədə də özünü büruzə verir. Səbəb də son illər Ukraynadakı azərbaycanlıların xeyli təşkilatlanmasıdır. Buna misal olaraq Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun adını çəkə bilərəm. Onların fəaliyyətini yüksək qiymətləndiririk”.