TBMM-in sabiq sədri: Dünya çətinliklər içərisində yaşamağa layiq deyil
- 14 mart, 2025
- 11:41
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT Təhlükəsizlik Şurasının veto hüququ olan üzvləri öz maraqlarına uyğun gəlməyən proseslərlə bağlı qərar qəbul etmirlər.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri Bülent Arınç XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünya bu cür çətinliklər içərisində yaşamağa layiq deyil:
“Bu gün real müharibənin yaşandığı dövrdəyik və bəlkə də içərisindəyik. Müharibənin arealı o qədər genişlənib ki, regionlara da təsirsiz ötüşmür. Bundan çıxış yolu İkinci Dünya müharibəsindən sonra yaradılan təşkilatların fəaliyyətlərini gücləndirməsi ola bilər. Məsələn, BMT gərginliklərə son qoymaq iqtidarında olmalıdır. Ancaq BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin istədikləri məsələyə veto qoymaq haqqının olması böyük problemdir”.
B.Arınç keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə də diqqət çəkərək beynəlxalq təşkilatların problemin həllinə heç bir töhfə verə bilmədiyini söyləyib:
“ATƏT-in keçmiş Minsk qrupu fəaliyyətsiz qaldı. Ona görə də Azərbaycan Ordusu torpaqları işğaldan azad etdi. Bu gün Azərbaycan keçmiş Minsk qrupunun effektivliyini itirdiyini və lazımsız olduğunu deyir. Mən də bu fikri dəstəkləyirəm”.
Türkiyəli siyasətçi həmçinin vurğulayıb ki, bu gün Avropada, ABŞ-də də güclü lider dövrü başa çatıb:
“Avropada heç bir dövlət liderini güclü adlandırmaq mümkün deyil. Ümumiyyətlə, çığır-bağır salmadan, təmkinlə idarə etməyi bacaran güclü lider anlayışı qərbdə yoxa çıxıb”.