Yuxarı

​Türkiyənin baş naziri: "Ermənilər bu yanlışlıqdan hələ də əl çəkmirlər"

Binəli Yıldırım: Təəssüf ki, ATƏT Minsk qrupunun fəaliyyəti hələ də bir nəticə verməyib

Bakı. 3 iyun. REPORT.AZ/ "Ermənilər bu yanlışlıqdan hələ də əl çəkmirlər. Yaranmış vəziyyətdən sui-istifadə edərək, Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım Azərbaycana səfərindən əvvəl Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib. 

O qeyd edib ki, ATƏT Minsk qrupunun fəaliyyəti hələ də bir nəticə verməyib: "Ermənistan isə işğalçı siyasətini davam etdirir. Onlar işğaldan əl çəkib, Azərbaycan torpaqlarından çıxmırlar. Ötən aylarda azərbaycanlı qardaşlarımız öz təhlükəsizliklərini qorumaq məcburiyyətində qalıblar (apreldəki döyüşləri nəzərdə tutur - "REPORT").

Baş nazir deyib ki, ermənilərin yanlış hərəkətlər etdiklərini hamı bilir: "Bununla belə biz hesab edirik ki, bölgə birlikdə inkişaf etməlidir".

İyunun 2-də Almaniya Bundestaqının 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirən, B.Yıldırım deyib: "Bu, iki ölkə arasında əlaqələrə ziyan vurub. 650 üzvü olan ölkə parlamentində bu qətnamənin səsverməsində 250 deputat iştirak edib. Bu onun göstərir ki, Bundestaq üzvlərinin çoxu bu qərarı qəbul etmək istəməyib" .

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi