Türkiyə Böyük Millət Məclisində (TBMM) fevralın 26-da Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, parlamentin ictimaiyyətlə əlaqələr şöbəsinin konfrans salonunda keçirilən anım mərasimi Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşəbbüsü, Türkiyə parlamentinin təşkilatçılığı ilə baş tutub.
Təbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın qardaş ölkədəki səfiri Rəşad Məmmədov, türkiyəli deputatlar, Türkiyə Prezidenti yanında Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin üzvü Aygün Attar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Tədbirdə bildirilib ki, Xocalı kimi yeni qırğınların baş verməməsi üçün “Xocalıya ədalət” kampaniyasına bütün dünya qoşulmalıdır.
Qeyd olunub ki, bəşəriyyət üçün utancverici olan bu soyqırımının təşkilatçıları və icraçıları Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunmalıdırlar.