Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-rəsmi Zirvə toplantısı başlayıb.
“Report” xəbər verir ki, sammit videoformatda keçirilir.
Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın birinci prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş naziri Viktor Orban iştirak edir.
İclasda müzakirə ediləcək məsələlərdən biri Türkmənistanın Türk Şurasına üzv olmasıdır. Bununla bağlı müsbət qərar qəbul ediləcəyi və rəsmi Aşqabadın Şuraya qoşulacağı gözlənilir.
Toplantının yekununda Qazaxıstanın Türküstan şəhərinə “Türk dünyasının mənəvi paytaxtı” statusu veriləcəyi gözlənilir.
Qeyd edək ki, daha öncə Zirvə toplantısının Türküstan şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin COVID-19 pandemiyasının yaratdığı mürəkkəb epidemioloji vəziyyətə görə iclasın videoformatda keçirilməsinə qərar verilib.