Azərbaycanın ərazi bütövlüyünün və ölkənin suverenliyinin beynəlxalq hüquqi sərhədlər çərçivəsində tam bərpası Sovet İttifaqının dağılmasından bəri onun Ermənistanla sülh sazişi imzalaması üçün ilk real şans yaradır, Ukrayna bunu ancaq xəyal edə bilər.
“Report” xəbər verir ki, bu barədə almaniyalı jurnalist Tomas Fasbenderin “Berliner Zeitung” qəzetində dərc olunan “Azərbaycan-Ermənistan münaqişəsi: 30 ildən sonra sülh və iki müharibə?” məqaləsində qeyd edilib.
“Onilliklər ərzində davam edən gərginlikdən, o cümlədən SSRİ-nin dağılmasından bəri baş verən iki müharibədən sonra Azərbaycan-Ermənistan münasibətlərində real, dayanıqlı sülhün bərqərar olması şansı var. Bu, uzun və qanlı bir yol idi”, - o vurğulayıb.
Almaniyalı jurnalist əlavə edib ki, münaqişə nəticəsində yüz minlərlə azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb.
T.Fasbender qeyd edib ki, Cənubi Qafqaz regionunda yeni imkanlar yaranıb: “Buna dair ilkin vəziyyət o qədər də pis deyil. Hərbi cəhətdən çox üstün olan Azərbaycan ötən ilin sentyabrında antiterror tədbirləri həyata keçirib”.
Onun sözlərinə görə, ermənilərin “etnik təmizləmə”yə məruz qaldıqları ilə bağlı yayılan şayiələrin heç bir əsasının olmaması danılmaz faktdır, çünki BMT və Qərb dövlətlərinin, o cümlədən Aİ-nin nümayəndələri bəyan ediblər ki, bu tədbirlər zamanı Qarabağ regionunda mülki əhaliyə və infrastruktura ziyan dəyməyib və bölgənin erməni sakinləri bununla bağlı şikayət etməyib:
“Erməni sakinlərin Qarabağı tərk etməsinin əsas motivi yəqin ki, gələcəklə bağlı narahatlıqlar olub. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalına, yəni 1994-cü ilə qədər azı 600 min azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, şəhərlər və kəndlər xarabalığa çevrilib. Azərbaycan bu əraziləri yalnız 2020-ci ildə nəzarətinə qaytarıb”.
“İndiki ehtiyatlı nikbinliyin səbəbi, ilk növbədə, Azərbaycanın milli suverenliyinin beynəlxalq hüquqi sərhədlər çərçivəsində bərpa olunmasıdır. Yeri gəlmişkən, Ukrayna bunu hazırda ancaq xəyal edə bilər. Amma buna maneələr var”,- o bildirilib.
Jurnalist vurğulayıb ki, bu maneələrdən biri olan Zəngəzur dəhlizinə diqqət yetirməmək olmaz: “2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra üçtərəfli atəşkəs bəyanatında Ermənistan Azərbaycanın qalan hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqələrini təmin etmək öhdəliyi götürüb. Hər iki dövlətin hazırda bir-birinə münasibətdə inamının olmadığını nəzərə alsaq, belə bir dəhlizin həyata keçirilməsi güman ki, çətin olacaq. Bu, azı kənardan belə görünür”.
O hesab edir ki, bu məsələdə dəhliz yeganə maneə deyil: “Azərbaycan istərdi ki, 1988-ci ildən sonra Ermənistandan Azərbaycana qaçmağa məcbur olan 200 minə yaxın azərbaycanlı öz vətənlərinə qayıda bilsin. Öz növbəsində Bakı Qarabağ ermənilərinin Azərbaycana qaytarılmasının mümkünlüyünə işarə edir”.