Şuşada TDT-nin Zirvə görüşü əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək - RƏY

Şuşada TDT-nin Zirvə görüşü əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək - RƏY Şuşada Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.
Xarici siyasət
6 İyul , 2024 20:16
Şuşada TDT-nin Zirvə görüşü əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək - RƏY

Şuşada Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.

Bu sözləri “Report”a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, dünyada eyni soy kökündən olan çoxlu xalq var. Amma onların hamısı mehriban və dostluq şəraitində yaşamır: “Hətta bir-birinə dil və dinlə çox yaxın bəzi xalqlar arasında müharibələr, ziddiyyətlər davam edir. Lakin soyu türk olan dövlətlər isə dost və qardaşdırlar.

Tarix türk dövlətlərini çoxlu sınaqlara çəkib və düşmənlər onları bir-birindən ayrı salmaq üçün əlindən gələni ediblər. Amma bütün cəhdlər əbəs oldu və bu gün türk dünyası monolit birlik olaraq dünyada özünə məxsus yeri, rola malik gücə çevrilməkdədir.

Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik” müdrik kəlamı bu gün birliyimizin şüarına çevrilib. Türk dövlətləri həm də böyük ərazi, təbii resurslar, bazar, siyasi və hərbi gücdür. Bu baxımdan Türk Dövlətləri Təşkilatının gələcək perspektivləri çox böyükdür”.

A.Badamov qeyd edib ki, Türk Dövlətləri Təşkilatı bir neçə il əvvəl yaranmış beynəlxalq qurum olsa da bu gün dostluq və qardaşlığımız böyük tarixi köklərə söykənir: “Türk dövlətləri bir-birinə dəstək verməklə bütün dünyaya bir olduğumuzu nümayiş etdirir. Ankarada Türk Dövlətləri Təşkilatının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Özbəkistan, Qazaxıstan və Qırğızıstan tərəfindən orta məktəb, incəsənət məktəbi və məscidin inşa edilərək hədiyyə olunması, Türkiyənin yenidən qurma və bərpa prosesində ilk gündən yanımızda olması sarsılmaz birliyimizin göstəricidir.

Azərbaycan özünün coğrafi imkanlarından istifadə etməklə türk dövlətlərini birləşdirən tranzit yol-nəqliyyat layihələrini ərsəyə gətirib.

Orta dəhlizin yük aşırma gücünün artırılmasına xidmət edən layihələrimiz ölkəmizin türk dövlətləri üçün əhəmiyyətini artırır. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 8,2 milyard dolları keçib. Amma mövcud potensialdan səmərəli istifadə edilməsi sayəsində türk dövlətləri ilə iqtisadi əməkdaşlığın imkanlarını daha da artırılması mümkündür.

Azərbaycan türk dövlətləri arasında dostluq və qardaşlığın möhkəmləndirilməsində lokomotiv rolunu oynayır. Prezident İlham Əliyevin türk dünyasına olan qardaşlıq münasibəti ölkələrimizi və xalqlarımızı daha da birləşdirir. Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarında müzakirə olunan mövzular xalqlarımızın birləşməsinə, ölkələrimizin inkişafına və ümumi gücümüzün artmasına xidmət edir”.

Şuşada Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü keçirilməsi mühüm əhəmiyyət kəsb edir: “Qeyri-rəsmi görüş dövlət başçıları arasında daha sərbəst dialoqun qurulmasına, ümumi məsələlərin həllində həmrəyliyin möhkəmləndirilməsinə imkan verir. Həm də Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünü bütün dünya izləyir və bizim sarsılmaz güc olduğunu görürlər. Bu da dünyada mövqelərimizi möhkəmləndirir, gücümüzə güc qatır”.

Son xəbərlər

Orphus sistemi