Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yaponiyanın Hiroşima şəhərinin nüvə silahi ilə bombalanmasının 78-ci ildönümü münasibəti ilə həmin şəhərdə keçirilən tədbirdə iştirak edib.
"Report" xəbər verir ki, xüsusi nümayəndəni tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müşayiət edib.
Sülh Memorialı Parkında keçirilmiş tədbirdə Yaponiyanın baş naziri Fumio Kişida, müxtəlif ölkələrdən olan rəsmilər iştirak ediblər.
Tədbirdən öncə şəhər meri Kazumi Matsui və xüsusi nümayəndə Aydın Kərimov arasında görüş keçirilib və Şuşa şəhəri haqda məlumat təqdim olunub.
Eyni zamanda, Aydın Kərimov və Kazumi Matsui arasında "Merlər sülh naminə" hərəkatına Şuşa şəhərinin də qoşulma niyyəti barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Kazumi Matsuiə Şuşa şəhəri ilə bağlı xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, 1982-ci ildə Hiroşima şəhərinin həmin vaxt meri olan Takeşi Arakinin təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının iclasında "Merlər sülh naminə" hərəkatının əsası qoyulub.
“Merlər sülh naminə" hərəkatı 1991-ci ildə QHT olaraq BMT İqtisadi və Sosial Təşkilatında (ECOSOC) qeydə alınıb. Bu gün şəbəkənin 166 ölkədən 8271 şəhər üzvü var.