"Braziliya Azərbaycan və Ermənistanın sülh içində yaşamasını arzu edir".
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunu Gəncədə səfərdə olan Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya bildirib.
"Gəncədə baş verənləri öz gözlərimizlə gördük. Mülki insanlara qarşı törədilən müharibə cinayətinin izləri hələ də qalıb. Bu, dəhşətdir və biz heç bir zaman müharibə edən tərəflərin qurbanlarının mülki əhali olmasını istəmirik. Artıq mənim Azərbaycana ikinci səfərimdir və biz Azərbaycanla həmrəylik nümayiş etdiririk. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və sülh tərəfdarı olaraq istəyirik ki, bir daha müharibə olmasın və mülki əhali zərər görməsin", - deyə Antonio Anastasiya vurğulayıb.
Qeyd edək ki, Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Gəncə şəhərində səfərdədir. Senator Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkib. O, Gəncə şəhərindən sonra Ağdam rayonuna səfər edəcək.