“Azərbaycan və Rusiya arasında vətəndaşların vətənlərinə qaytarılması məsələsində dərin anlayış mövcuddur”.
Bunu “Report”un sualına cavab olaraq Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, səfirlik Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah ilə əməkdaşlıq edir və bu məsələdə addımlarını əlaqələndirir, üstəlik, vəziyyət hər iki ölkənin prezidentləri tərəfindən də nəzarətə götürülüb.
Azərbaycan vətəndaşlarının Rusiyadan qayıtması məsələsinə gəlincə, səfir qayıtma qaydasının eyni olduğunu vurğulayıb: “Azərbaycan vətəndaşları xüsusi portalda qeydiyyatdan keçməlidirlər. Azərbaycan vətəndaşlarının xeyli hissəsi Dağıstanla sərhəddə yerləşir. Quru sərhədi üzrə müntəzəm olaraq 120-130 nəfərin keçidi baş tutur. İyunun 9-da 131 Azərbaycan vətəndaşı sərhədi keçib”.
Diplomat onu da vurğulayıb ki, hazırda Azərbaycanda vətənlərinə qayıtmaq istəyən Rusiya vətəndaşlarının sayı çoxdur.
“Onların əksəriyyəti burada qohumları olan insanlardır, ya da iş və ya digər səbəblərdən buradadırlar. Hazırda, siyahımıza əsasən, geri qayıtmaq üçün 4 mindən çox müraciət var. Biz bunu sərhədimizin Dağıstan hissəsindən edirik. Buraxılışı Dağıstandakı həmkarların məhdud imkanları ilə müqayisə etməklə müntəzəm olaraq həyata keçiririk. Ümumilikdə, son vaxtlar səfirliyin iştirakı ilə Rusiya Federasiyasının 1 172 vətəndaşı, əsasən quru nəqliyyatı ilə Rusiya ərazisinə göndərilib. Bir dəfə də “Aeroflot”un reysi təşkil edilib”,- M.Boçarnikov deyib.
Səfir həmçinin Rusiyanın 12 min tədqiqat üçün 120 dəst test sistemini Azərbaycan tərəfinə təmənnasız əsasda verdiyini xatırladıb: “Lazım gələrsə, yenə kömək etməyə hazırıq”.