Səfir: "Qəbələ rayonu və Qaqauziya arasında əməkdaşlıq müqaviləsi imzalanacaq"

Səfir: "Qəbələ rayonu və Qaqauziya arasında əməkdaşlıq müqaviləsi imzalanacaq" Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Qaqauziya Muxtar Bölgəsində səfərdə olub
Xarici siyasət
11 Fevral , 2021 18:52
Səfir: Qəbələ rayonu və Qaqauziya arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

“Azərbaycan-Moldova münasibətləri ikitərəfli əməkdaşlığın bütün səviyyələrində yüksək templərlə inkişaf edir. Ölkələrimizin xalqları arasında möhkəm dostluq əlaqələri mövcuddur”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldovadakı Qaqauziya Muxtar Bölgəsinə səfəri barədə danışarkən deyib.

“Qaqauziya Moldovanın ayrılmaz hissəsidir. Ümumilikdə Moldova ilə olduğu kimi, onlarla da münasibətlərimiz inkişaf edir. Qaqauziya başqanı İrina Vlax ilə görüşdüm. Digər şeylərlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən Çadır-Lunqa bələdiyyəsindəki Mədəniyyət və Təhsil Mərkəzinin inşası layihəsinin başa çatma tarixi barədə söhbətləşdik. Mərkəzin inşası artıq başa çatmaq üzrədir və Qaqauz tərəfi ona Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adının verilməsini təklif edib. Bundan əlavə, Azərbaycanın Qəbələ rayonu ilə Qaquz Muxtar Bölgəsi arasında əməkdaşlıq və qardaşlaşma haqqında müqavilə imzalanacaq. Bunun üçün hər iki tərəfdə sənədlər hazırdır, sadəcə koronavirus pandemiyası səbəbindən sənədlərin imzalanması keçən il mümkün olmadı. Ümid edirəm ki, bu il bunu edə biləcəyik”, - o bildirib.

Mədəniyyət və Təhsil Mərkəzinin açılışı 2021-ci ilin birinci yarısına planlaşdırılır.

İ.Vlax görüş zamanı Çadır-Lunqada inşa edilən sosial obyektin iki qardaş xalq arasında dostluğun rəmzi olacağını vurğulayıb.

Prioritet istiqamətlər kimi elm, təhsil, səhiyyə, eləcə də bölgələrarası əməkdaşlıq formatında sosial-iqtisadi qarşılıqlı fəaliyyət sahələri müəyyənləşdirilib.

Bölgəyə səfəri zamanı diplomat bu gün 30 illik yubileyini qeyd edən Komrat Universitetində olub. Səfir qonaqlar qarşısında çıxışı zamanı bu region ilə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşlərdə həmçinin Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da iştirak edib. Söhbətlər zamanı Azərbaycan diasporunun Qaqauziya və Moldovanın siyasi-ictimai həyatında iştirakının vacibliyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi