Səfir: "Koreya şirkətləri azad edilmiş torpaqlarda yenidənqurma layihələrində iştirakda maraqlıdır"

Səfir: "Koreya şirkətləri azad edilmiş torpaqlarda yenidənqurma layihələrində iştirakda maraqlıdır" "Azərbaycanın azad edilmiş torpaqlarında yenidənqurma layihələri kifayət qədər texnologiya və təcrübəyə malik olan Koreya şirkətləri üçün maraq doğura bilər".
Xarici siyasət
27 Avqust , 2021 11:58
Səfir: Koreya şirkətləri azad edilmiş torpaqlarda yenidənqurma layihələrində iştirakda maraqlıdır

"Azərbaycanın azad edilmiş torpaqlarında yenidənqurma layihələri kifayət qədər texnologiya və təcrübəyə malik olan Koreya şirkətləri üçün maraq doğura bilər".

Bunu “Report”a Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op deyib.

Səfir bildirib ki, Azərbaycan tərəfi də bu layihələrin Koreya şirkətlərinə maraqlı olduğundan xəbərdardır: "Elə bu səbəbdəndir ki, həmin ərazilərdə həyata keçiriləcək bir neçə layihə haqqında Energetika Nazirliyindən səfirliyimizə məlumat daxil olmuş və bu məlumat əlaqəli Koreya şirkətlərinə çatdırılmışdır”.

Xatırladaq ki, bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycanda səfərdə olmuş Koreya Respublikasının Milli Assambleyasının sədri Pak Byon Sok ilə görüşü zamanı bu ölkənin şirkətlərini azad edilmiş torpaqlarda həyata keçiriləcək layihələrdə iştirak etməyə dəvət edib.

Koreya şirkətlərinin fəaliyyət göstərə biləcəyi sahələrə gəldikdə isə səfir bildirib ki, azad edilmiş torpaqlarda həyata keçirilən hər bir layihədə təmsil etdiyi ölkənin şirkətləri yüksək rəqabətliliyə malikdir.

“Yaşıl enerji zonası, Ağıllı şəhər, Ağıllı kənd, su elektrik stansiyaları və s. sahələrə xüsusi maraq göstərə biləcək bir çox Koreya şirkətləri vardır. Yol və mənzil inşaatı, əsas infrastruktur obyektlərinin tikintisi və yenidən qurulması kimi sahələrdə də Koreya şirkətləri böyük potensiala malikdirlər”, - diplomat əlavə edib.

“Bu baxımdan, cənab prezident İlham Əliyevin bu il ərzində Koreyada, Koreya şirkətləri üçün azad olunmuş torpaqlarda həyata keçiriləcək işlər haqqında təqdimat keçirməklə bağlı əlaqəli orqanlara verdiyi göstərişin çox vaxtında verilmiş, ümidverici, əhəmiyyətli bir qərar olduğunu düşünürəm. Koreyanın Azərbaycandakı Səfirliyi olaraq biz də bu sahədə əməkdaşlıqda əlimizdən gələn dəstəyi göstərməyə hazırıq”, - səfir qeyd edib.

Son xəbərlər

Orphus sistemi