Səfir: "Danimarka şirkətləri Azərbaycana böyük sərmayələr yatırmağı planlaşdırır" - MÜSAHİBƏ

Səfir: "Danimarka şirkətləri Azərbaycana böyük sərmayələr yatırmağı planlaşdırır" - MÜSAHİBƏ Svend Ollinq: "Danimarka Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir"
Xarici siyasət
29 Mart , 2017 12:59
Səfir: Danimarka şirkətləri Azərbaycana böyük sərmayələr yatırmağı planlaşdırır - MÜSAHİBƏ

Bakı. 29 mart. REPORT.AZ/ Danimarkanın Türkiyəyə, eyni zamanda Azərbaycana yeni təyin olunmuş səfiri Svend Ollinqin "Report" agentliyinə müsahibəsi:

- Cənab səfir, özünüz haqqında bizə məlumat verərdiniz. Danimarkanın Azərbaycandakı səfiri vəzifəsində prioritetləriniz nə olacaq?

- 49 yaşım var, karyeralı diplomatam və hazırda Danimarkanın Ankaradakı səfiri vəzifəsini tuturam. Bundan əvvəl Danimarkanın Dəkkə, Berlin və Vaşinqtondakı səfirliklərində çalışmışam. Bu həftə etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etmək şərəfinə nail oldum, deməli, artıq Danimarkanın Azərbaycandakı səfiri kimi də işləyə bilərəm.

Danimarkanın hazırda Bakıda səfirliyi yoxdur, lakin fəxri konsulluq biznes məsələləri ilə məşğul olur. Ölkələrimiz arasında əməkdaşlığı daha da təşviq etmək üçün səylə çalışacağam. Bakıdan birbaşa Danimarkaya yollanıb Azərbaycana böyük sərmayələr yatırmağı planlaşdıran şirkətləri ilə görüşürəm.

Şəxsi səviyyədə, mən və ailəm Azərbaycanı, onun zəngin tarixini və gözəl təbiətini daha ətraflı öyrənməyi planlaşdırırıq. Ötən ay ailəmi Bakıya qısamüddətli tətilə gətirmişdim. Bakıya yenidən qayıtmağı planlaşdırırıq, ola bilsin, iyunda "Formula-1" yarışına baxmağa gəldik.

- Azərbaycan-Danimarka əlaqələrinin hazırkı vəziyyətini və gələcək perspektivlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan və Danimarka arasında bir çox sahələrdə dostluq münasibətləri var. Amma məsələn, ticarət və investisiya kimi sahələrdə daha sıx əməkdaşlıq üçün imkan olduğunu düşünürəm. Qeyd etməliyəm ki, ölkəmdə Azərbaycanın nə təklif edə biləcəyi barədə daha çox öyrənirlər. Azərbaycanda keçirilən idman, musiqi və mədəni tədbirlər bunda əhəmiyyətli rol oynayıb və Danimarkada ölkəniz haqqında məlumatlılıq səviyyəsini yüksəldib. Növbəti addım danimarkalı turistlərin tez-tez Azərbaycana gəlməsini təşkil etməkdən ibarətdir.

Danimarka və Azərbaycan həmçinin ATƏT və Avropa Şurasının üzvləridir. Bu isə məsələn, insan hüquqları və demokratiya məsələlərində gələcək əməkdaşlıq üçün mühüm platformadır. Həmçinin Avropa İttifaqının üzvü kimi, Danimarka Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsini dəstəkləyir.

- İqtisadi əməkdaşlığın hansı sahələrində ölkələrimiz daha sıx əməkdaşlıq edə bilər? Keçən il mal dövriyyəsinin səviyyəsi necə olub?

- Ticarət dövriyyəsinin hazırkı səviyyəsi çox aşağıdır. Dövriyyə ildə təxminən 30 milyon dollar təşkil edir. Azərbaycandan bizə satdığından çox Danimarkadan alır. Danimarkadan Azərbaycana ixracın yarıdan çoxunu dərman preparatları təşkil edir. Daha yüksək ticarət dövriyyəsi və investisiya yatırılması üçün potensial olduğuna inanıram. Danimarkalı sərmayədarların yerli şirkətlərlə əməkdaşlıq edərək Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiyalar yatırmağa başlaması əladır. Kənd təsərrüfatına, məsələn, böyük miqyaslı suvarma layihələrinin yaradılmasına investisiya yatırılması məhsul istehsalı üçün potensialı artırır və gələcəkdə Azərbaycandan Danimarkaya və digər Avropa İttifaqı ölkələrinə ixrac imkanlarını genişləndirir. Əməkdaşlıq üçün başqa bir maraqlı sahə "yaşıl" və "təmiz enerji" ola bilər.

- Bu il səfərlər gözlənilirmi?

- Yaxın gələcəkdə yüksək səviyyəli səfərlər planlaşdırılmır. Fevralın 16-17-də Danimarkanın vergilər naziri Karsten Lauritsen Bakıda olub. O, azərbaycanlı həmkarı Fazil Məmmədovla görüşüb və tərəflər ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalayıblar. Bu saziş Danimarka və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün əla zəmin yaradır. Belə ki, bizim şirkətlər vergitutma qaydalarının proqnozlaşdırıla bilməsində maraqlıdır.

- Bugünkü Avropa miqrant böhranı, etimadın olmaması və Avropa siyasətinə tənqidlərin olması kimi bir çox problemlərlə üzləşir. Bu məsələlərdə Danimarkanın mövqeyi necədir?

- Avropa İttifaqı bir çox çətinliklərlə üzləşir, lakin Danimarka xalqı İttifaqdakı üzvlüyün davam etməsinin tərəfdarıdır. Avropa əməkdaşlığı və birgə həllərin inkişafı miqrasiya, maliyyə böhranı, iqlim dəyişikliyi kimi çağırışlara ən yaxşı cavabdır.

- Danimarka Avropada həlli uzadılmış münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllinə necə kömək edə bilər?

- Danimarkanın Dağlıq Qarabağ münaqişəsi məsələsində rolu məhduddur. Amma Prezident İlham Əliyevlə görüşdə fürsətdən istifadə edib Danimarkanın Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha qeyd etdim. Həmçinin, münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə səyləri, o cümlədən ATƏT-in Minsk qrupunun əhəmiyyətli işlərini dəstəkləyirik.

Son xəbərlər

Orphus sistemi