Azərbaycandan Monqolustana yüksək səviyyəli səfərin həyata keçiriləcəyi gözlənilir.
“Report”un Ankara bürosunun məlumatına görə, Monqolustanın Ankarada fəaliyyət göstərən Azərbaycan üzrə qeyri-rezident səfiri Qombosuren Munxbayar səfirlikdə keçirilən təntənəli mərasimdəki çıxışında ölkəsinin Azərbaycanla əlaqələrindən də bəhs edib.
Monqolustan Xalq Respublikasının elan edilməsi və Birinci Konstitusiyanın qəbul olunmasının 100 illiyi münasibətilə bu ölkənin Ankaradakı səfirliyində keçirilən tədbirdə çıxış edən diplomat Azərbaycanla dostluğun və siyasi əlaqələrin dərinləşdiyini vurğulayıb.
O, səfir olaraq, Monqolustan-Azərbaycan münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.
Səfir “Report”un Ankara bürosuna açıqlamasında Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında əlaqələrin inkişaf imkanlarının geniş müzakirə olunduğunu deyib:
“Prezidentlərin görüşündə yaxın gələcəkdə yüksək səviyyəli səfərlərin təşkili və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə dair razılıq əldə olunub. Xatırladım ki, 2018-ci ildə Monqolustandan Azərbaycana yüksək səviyyəli səfər təşkil edilmişdi. Bu dəfə isə Azərbaycandan Monqolustana belə bir səfərin keçiriləcəyi gözlənilir”.
Q.Munxbayar həmçinin Monqolustan-Azərbaycan əlaqələrinin iqtisadi məzmunla zənginləşdirilməsi, investisiyaların artırılması, kənd təsərrüfatı, nəqliyyat, logistika və təhsil sahələrində səmərəli əməkdaşlığın qurulması perspektivini dəyərləndirib:
“Məsələn, hazırda Monqolustandan 500-dən çox tələbə Türkiyədə təhsil alır. Sovet dövründə bizim çox sayda vətəndaşımız Azərbaycanın ali məktəblərində oxuyub. Biz bu ənənənin bərpa olunmasını faydalı hesab edirik”.