“30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən törədilən qeyri-qanuni fəaliyyət, beynəlxalq hüquq pozuntuları, müharibə cinayətləri, o cümlədən urbisid, kultursid, ekosid cinayətlərinin araşdırılması və bu pozuntulara görə məsuliyyət daşıyanların beynəlxalq ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfindən müvafiq addımlar atılıb və bu addımlar növbəti mərhələdə davam edəcəkdir”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü münasibətilə yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, günahkarların cəzalandırılması, ədalətin təmin olunması və gələcəkdə bu halların təkrarlanmasının qarşısının alınması baxımından vacibdir:
“Azərbaycanın gələcəyə baxış strategiyasının əsasını dayanıqlı sülh, inkişaf və tərəqqinin təmin edilməsi təşkil edir. Ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycan, beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır.
Bölgədə gələcək sülh və təhlükəsizliyin təminatı üçün hazırkı mərhələdə üçtərəfli bəyanatların tam şəkildə icrası vacibdir və Azərbaycan bu istiqamətdə atdığı addımlara Ermənistan tərəfindən qarşılıq verilməsini gözləyir”.