15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə “Naxçıvan Müqaviləsinin 15-ci İldönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda keçirilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
Rektor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sazişin Naxçıvanda imzalanması tarixi hadisəyə çevrilib:
“Artıq inkişaf edən, hər sahədə səmərəli əməkdaşlıq platforması yaradan Türk dövlətlərinin və Türk Dövlətləri Təşkilatının müxtəlif sahələrdə inkişaf perspektivlərinin ümumi faktlarla müzakirəsi universitetin auditoriyası üçün kifayət qədər maraqlıdır. Naxçıvandan başlanan 15 illik yolun Türk Dövlətləri Təşkilatı üçün məhsuldar dövr olduğu birmənalıdır”.
Onun sözlərinə görə, Naxçıvan türk dünyası üçün hər zaman aktual məsələlərdən biri olub:
“Heç təsadüfi deyil ki, Naxçıvan Türk dünyasının qapısı adlandırılır. Naxçıvan özünün geostrateji əhəmiyyəti ilə Türk dünyası üçün hər zaman maraqlı olub, bu gün də maraqlıdır. Ulu Öndər Heydər Əliyev bu məsələdə həmişə Naxçıvanın mövqeyinə xüsusi əhəmiyyət verib. Prezidentin müəyyənləşdirdiyi prioritetlər içərisində Türk dünyasına üstünlüyün verilməsi, bu siyasətdə Naxçıvanın yerli mövqeyinin müəyyənləşməsi qeyd olunmalıdır.
Türk dünyasının coğrafi bütövlüyünü və nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsini perspektiv layihə kimi görürük. Hesab edirəm ki, tədbirdəki müzakirələrdə Naxçıvana geniş yerin ayrılması təsadüfi deyil. Bu tarixi, siyasi, coğrafi aspektlərlə bağlı məsələdir”.