Qriqori Osovoy: "Azərbaycanın həmkarlar təşkilatları ilə sabit dostluğumuz var" - MÜSAHİBƏ

Qriqori Osovoy: "Azərbaycanın həmkarlar təşkilatları ilə sabit dostluğumuz var" - MÜSAHİBƏ Ukrayna Həmkarlar İttifaqları Federasiyasının prezidenti Qriqori Osovoy “Report”un Şərqi Avropa bürosuna müsahibə verib
Xarici siyasət
8 May , 2021 13:00
Qriqori Osovoy: Azərbaycanın həmkarlar təşkilatları ilə sabit dostluğumuz var - MÜSAHİBƏ

Ukrayna Həmkarlar İttifaqları Federasiyasının prezidenti Qriqori Osovoyun “Report”un Şərqi Avropa bürosuna verdiyi müsahibəni təqdim edirik.

- Azərbaycan ilə Ukrayna həmkarlar ittifaqları arasındakı əməkdaşlıq əlaqələrinin səviyyəsi barədə fikirləriniz necədir?

- Müsbət münasibətlərimizdə sabitlik var. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Səttar Mehbalıyevlə uzun vaxtdır tanışıq, müxtəlif tədbirlərdə tez-tez görüşlərimiz olur. Ölkələrimizi təmsil etdiyimiz Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasında Səttar Mehbalıyev vise-prezidentdir, mən də 2019-cu ildə həmin təşkilatın vise-prezidenti seçilmişdim. Ən başlıcası isə milli həmkarlar birliklərimiz arasında qeyri-müəyyən müddətə imzalanmış əməkdaşlıq və qarşılıqlı anlaşma memorandumuna əsaslanan sıx ikitərəfli münasibətlər var, təcrübə mübadiləsi aparırıq. Yəni sabit və dost münasibətlərimiz var.

Yeri gəlmişkən, azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına Kiyev şəhərində 2014-cü ildə Ləyaqət İnqilabı günlərində yanğından ziyan görmüş Həmkarlar Evinin bərpasında göstərdikləri maliyyə yardımına görə Ukrayna Həmkarlar İttifaqları Federasiyası adından səmimi qəlbdən təşəkkür etmək istərdim.

- İki ölkənin hansı sahələrə aid həmkarlar ittifaqları arasında əməkdaşlıq qurulubmu?

- Ənənəvi olaraq neft və qaz sektorunda çalışanlardır. Azərbaycanda əcnəbi sərmayələr cəlb etmək hesabına neft hasilatı xeyli artıb, Ukraynaya da əcnəbi sərmayədarların gələcəyinə, eyni artımın baş verəcəyinə ümidvarıq. Ukrayna həmkarlar ittifaqları ilə işəgötürənlər arasında həmin yeni şəraitdə əməkdaşlığın necə qurulacağı bizdə maraq doğurur. Başqa mühüm sahələr kənd təsərrüfatı və emal sənayesi, tikinti sektorudur.

- Ukrayna həmkarlar ittifaqlarının kənd təsərrüfatı sektorundakı iş təcrübəsi barədə nə deyə bilərsiniz?

- Kənd təsərrüfatı əvvəllər dövlət və kolxoz-koperativ mülkiyyətinə söykənirdi. O dövrdə həmkarlar ittifaqı da özlərini rahat hiss edirdi. Müstəqillik elan ediləndən, özəlləşdirmə keçiriləndən sonra kənd təsərrüfatında özəl mülkiyyətin hakim olması özəl mülkiyyətçilə, sərmayədarlarla əməkdaşlıq qurulmasını şərtləndirdi. Ukraynada günəbaxan emalı inkişaf edib, bu sahə əcnəbi sərmayəni də cəlb edib. Aqrar sənaye kompleksində fəaliyyət göstərən çoxlu şirkətlərlə üfuqi əlaqələr qurmaq lazım gəlir. Bununla yanaşı, Ukraynada torpaq islahatı aparılır, müvafiq qanun da qəbul edilib. Deməli, torpaq bazarı yaranacaq, torpaq sahibləri yeni şərtlərlə dəyişə biləcək, bu da şirkətlərin fəaliyyətinə öz təsirini göstərməyə bilməz. Azərbaycanda bütün bunlar yoxdur.

Qarşımızda torpaq islahatı dövründə də həmkarlar ittifaqlarının nüfuzunu qoruyub saxlamaq kimi çətin vəzifə durur. Hazırda gərgin siyasi mübarizə gedir, o cümlədən parlamentdə millət vəkillərinin bir qismi torpaqların əcnəbilərin əlinə keçməsindən çəkinərək bu islahatı qəbul etmirlər. Torpaq sahibləri öz sahələrini sata, alış-verişə çıxara biləcəyi üçün kənd sakinləri üçün də narahat dövr başlayır. Azərbaycanda isə mən bilən belə şeylər yoxdur. Odur ki, Azərbaycanın, habelə bu kimi proseslərin artıq baş verdiyi ölkələrin həmkarlar ittifaqlarının təcrübəsi bizim üçün əhəmiyyətlidir.

- Bəs Ukrayna həmkarlar ittifaqlarının pandemiya dövründəki rolu nədən ibarət olub?

- Pandemiya dövründə fəaliyyətimiz, təmaslarımız yalnız onlayn formatda, beynəlxalq həmkarlar birkliklərinin platformları çərçivəsində həyata keçirilir.

Fevralın 24-də Ukraynada COVID-19-a qarşı peyvəndləmə kampaniyası başladı. İlk mərhələdə səhiyyə işçiləri, müəllimlər, sosial işçilər, hərbçilər, polis əməkdaşları, əhalinin ən həssas zümrələri peyvənd olunur. Peyvəndləmənin bu cür keçirilməsinə dair hökumətin qərarını dəstəkləyirik. Bununla belə beynəlxalq COVAX proqramı çərçivəsində dərmanların bölüşdürülməsi bizcə, inkişaf edən ölkələri nöqteyi-nəzərindən ədalətsiz aparılır. Belə ki, daha varlı ölkələr bu məsələni öz xeyrinə düzüb-qoşaraq az qala bütün dərmanları satın alırlar. Ukraynaya da müxtəlif şirkətlərin istehsal etdiyi dərmanların az miqdarda tədarük olması vətəndaşlarımızın narahatlığına səbəb olur. Yəni müxtəlif şirkətlərin dərmanlarını vurmaq olarmı, bunun fəsadları çıxmazmı soruşurlar. Odur ki, Covax proqramı çərçivəsində peyvənd dərmanlar bərabər və mütənasib bölüşdürülməsi bizim prinsipial mövqeyimizdir.

Həmkarlar ittifaqlarının roluna gəlincə, məncə Azərbaycan həmkarlar ittifaqları bu məsələyə daha çox cəlb edilib. Bizdə isə bu yöndəki fəaliyyətlərdə Ukrayna Səhiyyə İşçiləri Həmkarlar İttifaqı, həmçinin insan həyatı ilə bağlı başqa təşkilatlar iştirak edir. Koronavirusla mübarizənin ön cəbhəsində olan əməkdaşlarımızın fərdi qoruma vasitələrilə tam təchiz olunmaları, məruz qaldıqları təhlükəyə görə əlavə məvacib almaları üçün gündəlik səy göstəririk. Əlbəttə, dərmanların bölüşdürülməsi və tədarükü bilavasitə hökumətin, Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olan məsələdir. Biz peyvəndləməni təbliğ etmir, amma buna qarşı da çıxmırıq. Yəni hər kəsin bununla bağlı şəxsi qərar vermək hüququna hörmətlə yanaşırıq.

- Ölkənizin şərq regionunda baş verən hərbi münaqişədən zərər çəkənlərə köməyiniz nədən ibarətdir?

- Donetsk və Luqansk vilayətlərində qanuni hakimiyyətin olduğu ərazilərdə həmkarlar ittifaqlarının ərazi təşkilatları, habelə UHİF-ə dazilı olan həmkarların vilayət təşkilatları bərpa edilərək fəaliyyət göstərirlər. Müharibə getdiyi üçün vəziyyət çətin olduğu üçün onlara əlimizdən gələn köməyi göstəririk. Luhansk vilayətində həmkarlar ittifaqlarının qurumlarını tez bərpa edə bildik, onlar öz üzvlərinə müharibənin fəsadlarını aradan qaldırmaqda yardım edirlər. Həmçinin 1 600 minədək məcburi köçkünümüzə də bu cür yardımlar göstərilir. Həmkarlar ittifaqlarının vəzifəsi məşğulluq mərkəzləri vasitəsilə onlara iş tapmaqda kömək olmaqdır. Bəzi məlumatlara görə, artıq 440 minədək məcburi köçkün bu minvalla işə düzəldilib.

Məcburi köçkünlərə maddi yardıma gəlincə, müvafiq hüquqi sənədlər hazırlanarkən biz təkliflərimizi veririk və bunların əksəriyyəti son nəticədə qəbul olunur. Bu təkliflər sosial yardım, sığorta, maddi təminat kimi məsələlərlə bağlıdır.

Krımla bağlı vəziyyət fərqlidir, həmin bölgə ilhaq edilib, oraya girişimiz yoxdur. Oradakı həmkarlar ittifaqları ilə müvafiq olaraq əlaqəmiz yoxdur.

Bu yaxınlarda Ukrayna Həmkarlar İttifaqları Federasiyasının 8-ci qurultayı keçiriləcək. Yeri gəlmişkən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını və şəxsən Səttar Mehybalıyevi də qurultayımıza dəvət edirik.

Son xəbərlər

Orphus sistemi