Tomas de Vaalın da vaxtı ATƏT-in Minsk qrupu kimi artıq keçib.
"Report"un məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının Tomas de Vaalın səsləndirdiyi fikirlərlə bağlı yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda Tomas de Vaal adlı “ekspert”in son vaxtlar Azərbaycan əleyhinə hədyanlar danışdığı vurğulanıb: "Azərbaycanın işğala, separatizmə, “boz zona”ya son qoyması, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi Tomas de Vaal kimilərini məyus edib. Məlum olub ki, o, səlibçi mentaliteti ilə yaşayırmış və Azərbaycan torpaqlarının işğal altında qalması onun üçün tamamilə məqbul imiş. Tomas de Vaal başa düşməlidir ki, Qarabağ münaqişəsi artıq həll olunub və onun kimi başabəla ekspertlərin bu sahədə məşğul olacağı bir iş yoxdur. Heç kimə Tomas de Vaalın “dahiyanə” fikirləri, ideyaları lazım deyil. Tomas de Vaalın da vaxtı ATƏT-in Minsk qrupu kimi artıq keçmişdir".
Qeyd edək ki, Karneqi fondunun analitiki qismində çıxış edən Tomas de Vaal məqalə yazaraq, Qarabağı ermənilərin çoxəsrlik tarixi torpağı kimi təqdim edib, regionda baş verənləri Rusiyanın Ermənistanla münasibətlərinin korlanması kontekstində şərh edib.