Qazaxıstan səfiri: Azərbaycanla münasibətlərimiz keyfiyyətcə yeni səviyyədədir
- 23 aprel, 2025
- 10:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Qazaxıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın səfiri Alim Bayel Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası çərçivəsində bildirib.
"Qarşılıqlı səfərləri bunun ən böyük göstəricisi kimi hesab etmək olar. Bu baxımdan dinamikanın yüksək olduğunu görürük. Bütün region üçün əhəmiyyətli layihələrin həyata keçirilməsini davam etdiririk", - o bildirib.
Diplomat Orta Dəhliz layihəsinin inkişaf dinamikasını xüsusi vurğulayıb.
Səfir xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji”nin nəqli üçün sualtı elektrik kabelinin çəkilməsi ilə bağlı müqavilə imzalayıblar.
"Ticarətdən bəhs edərkən vurğulamaq istəyirəm ki, ötən il Azərbaycan taxılın 80 %-ni Qazaxıstandan alıb. Bu da ikitərəfli əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir", - o bildirib.
Səfir həmçinin qeyd edib ki, iki ölkə arasında BMT və türk inteqrasiyası çərçivəsində səmərəli əməkdaşlıq mövcuddur.
"Biz ümumtürk əməkdaşlığının hərəkətverici qüvvəsi, eləcə də Avrasiyada nəqliyyat və logistikanın yeni arxitekturasının formalaşmasında əsas oyunçularıq. Qarşılıqlı əlaqələrimizdən çox şey asılıdır. Şadam ki, onlar yüksək səviyyədədir", - o bildirib.