Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam təsdiq edir.
Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işi davam etdirəcəyik. Şübhəsiz ki, bu iş dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir.
Hörmətli İlham Heydər oğlu, dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətinizdə Sizə səmimi-qəlbdən uğurlar, möhkəm cansağlığı və əmin-amanlıq arzu edirəm".