Bakı. 6 may. REPORT.AZ/ Nazir Nabi Avcı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.
"Report" xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışılıb, tədbirin mədəniyyətlərin və xalqların bir-birinə yaxınlaşması və bu sahədə əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.
Dövlət başçısı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Türkiyənin bu səviyyədə təmsil olunmasının önəmini qeyd edib.
Nabi Avcı Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı bu yaxınlarda qəbul etdiyi ədalətsiz qərarla əlaqədar Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçısı bu qərarın ədalətsiz olduğunu bir daha vurğuladı və Azərbaycanın bu qərarı qətiyyətlə pislədiyini bildirib. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı Azərbaycanda turizmin inkişafının ölkəsində maraqla izlənildiyini deyib.
Azərbaycanda turizm sektorunun inkişafına dövlətin xüsusi diqqət göstərdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, məqsədimiz turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməkdir.
Görüşdə mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olundu və əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
*** saat 12:51
Bakı. 6 may. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.