Prezident İlham Əliyev İranın Ali Rəhbərinə və dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev İranın Ali Rəhbərinə və dövlət başçısına başsağlığı verib “Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi”
Xarici siyasət
9 Yanvar , 2017 16:40
Prezident İlham Əliyev İranın Ali Rəhbərinə və dövlət başçısına başsağlığı verib

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının keçmiş dövlət başçısı Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar bu ölkənin Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib.

“Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Möhtərəm Ayətullah Xameneyi həzrətləri,

İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bütün fəaliyyəti və həyat yolu ilə dövlətinə və xalqına sədaqət nümunəsi göstərmiş Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani müdrik və uzaqgörən siyasətçi kimi tanınmışdır. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə böyük töhfə vermişdir.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Azərbaycan Prezidenti İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə də başsağlığı verib. Başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə vermişdir. Onun əziz xatirəsi daim yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Son xəbərlər

Orphus sistemi