Prezident İlham Əliyev: “Bundan sonra da çalışacağam ki, cənab Ruhani ilə birlikdə İran-Azərbaycan dostluq əlaqələrini inkişaf etdirim” - YENİLƏNİB

Prezident İlham Əliyev: “Bundan sonra da çalışacağam ki, cənab Ruhani ilə birlikdə İran-Azərbaycan dostluq əlaqələrini inkişaf etdirim” - YENİLƏNİB Dövlət başçısı İran səfirliyində olub, Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib
Xarici siyasət
10 Yanvar , 2017 17:53
Prezident İlham Əliyev: “Bundan sonra da çalışacağam ki, cənab Ruhani ilə birlikdə İran-Azərbaycan dostluq əlaqələrini inkişaf etdirim” - YENİLƏNİB

*** saat 15:27

Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub.

“Report”un xəbərinə görə, dövlət başçısı İran İslam Respublikasının keçmiş Prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müxbirinə müsahibə verdi.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: “İran İslam Respublikasının sabiq Prezidenti Ayətullah Haşimi Rəfsəncani cənablarının vəfatı ilə əlaqədar bütün qardaş İran xalqına Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah ona rəhmət eləsin.

Cənab Haşimi Rəfsəncani İran İslam Respublikasının inkişafında çox mühüm rol oynamışdır, böyük işlər görmüşdür, çox unudulmaz iz qoymuşdur. İran xalqı da onun xidmətlərini yüksək qiymətləndirirdi.

Ayətullah Haşimi Rəfsəncani İran-Azərbaycan əlaqələrinin inkişafında da çox fəal rol oynamışdır, bu əlaqələrin inkişafının böyük tərəfdarı idi. Mənim atam, Prezident Heydər Əliyev ilə onu çox yaxın dostuq əlaqələri bağlayırdı. Onlar – həm Prezident Heydər Əliyev, həm də Prezident Haşimi Rəfsəncani birlikdə İran-Azərbaycan əlaqələrinin təməlini qoydular. Sağlam təməl qoydular ki, bu əlaqələr dostluq, qardaşlıq şəraitində inkişaf etsin.

Mən cənab Haşimi Rəfsəncaninin Azərbaycana səfəri zamanı Prezident Heydər Əliyev ilə olan görüşləri xatırlayıram. O görüşlərin bəzilərində mən də iştirak etmişəm. Şəxsən görürdüm ki, onlar doğrudan da bir-birinə qarşı çox böyük hörmətlə yanaşırlar. Mən Prezident olandan sonra İrana etdiyim səfərlərin birində cənab Haşimi Rəfsəncani ilə Tehranda görüşmüşəm və o görüş də mənə çox gözəl təəssürat bağışlayıb.

O, doğrudan da çox böyük dövlət xadimi, müdrik siyasətçi idi. Öz xalqına çox bağlı olan bir insan idi və İran-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüşdü. Hesab edirəm, o da sevinirdi ki, bu gün bu əlaqələr ən yüksək zirvədədir.

Mən bundan sonra da çalışacağam ki, hörmətli həmkarım cənab Ruhani ilə birlikdə İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirim.

Allah rəhmət eləsin.”

Son xəbərlər

Orphus sistemi