Prezident İlham Əliyev: "Azərbaycanla Fransa arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir" - YENİLƏNİB

Prezident İlham Əliyev: "Azərbaycanla Fransa arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir" - YENİLƏNİB Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb
Xarici siyasət
15 Sentyabr , 2017 14:48
Prezident İlham Əliyev: Azərbaycanla Fransa arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir - YENİLƏNİB
Azertag.az

Bakı. 15 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev sentyabrın 15-də Azərbaycanda rəsmi səfərdə olan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini vurğulayaraq Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı geniş müzakirələrin aparılması baxımından önəmini qeyd edib.

Özünün bu il Fransaya rəsmi səfərini, Fransa prezidentlərinin əvvəlki dövrlərdə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan dövlət başçısı bildirib ki, iki ölkəl arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir: "İqtisadi əməkdaşlığa gəldikdə bir çox Fransa şirkətləri uzun illərdir ki, Azərbaycanda uğurlu fəaliyyət göstərir və onlar həm investor kimi, həm də podradçı qismində bu gün çox önəmli layihələrdə iştirak edirlər". Eyni zamanda Prezident İlham Əliyev Fransanın iş adamları və onların təşkilatları ilə dəfələrlə keçirdiyi görüşlərin iqtisadi əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verdiyini bildirib. 

Təhsil sahəsində də çox önəmli addımlar atıldığını deyən dövlət başçısı qeyd edib ki, əgər ilkin olaraq Azərbaycanda fransız liseyi açılmışdırsa, indi isə artıq universitet də fəaliyyət göstərir: "Bütün bunlar Fransa-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının təzahürüdür". Prezident İlham Əliyev əminliyini ifadə edib ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində vasitəçi kimi öz fəal işini bundan sonra da davam etdirəcək. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Jan-Batist Lömuanın ölkəmizə səfəri onun Azərbaycanla daha yaxından tanış olması üçün yaxşı imkan yaradacaq.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan deyib: “Mən ölkənizə səfər edən yeni formalaşmış və Prezident Emmanuel Makron tərəfindən təyin olunmuş ilk hökumət üzvüyəm. Bu, mənim üçün böyük şərəfdir. Mən keçmişdə senator vəzifəsində çalışmışam və bu vəzifəmdə çalışarkən Azərbaycanın ayrı-ayrı regionları ilə əməkdaşlıq və sərmayə qoyuluşu sahəsində xüsusi səylər göstərmişəm”.

Jan-Batist Lömuan iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunmasını mühüm hadisə kimi dəyərləndirərək əminliklə bildirib ki, ötən dövr ərzində bu əlaqələr yüksək səviyyədə olub və növbəti 25 il ərzində də yüksələn xətlə daha da inkişaf edəcək. O vurğulayıb ki, Fransa Azərbaycanın çox uğurlu və çoxvektorlu siyasət həyata keçirdiyini, qonşularla əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirdiyini önəmli sayır: "Bu isə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir, bölgədə və beynəlxalq aləmdə barışdırıcı və vasitəçi rolunu daha da artırır". Qonaq bu istiqamətdə təhsilin əhəmiyyətini xüsusilə vurğulayıb. 

Görüşdə iki ölkə arasında enerji, nəqliyyat, metro, kosmik, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, Azərbaycanla Fransanın ayrı-ayrı regionları arasında əlaqələrin əhəmiyyətindən danışılıb, beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizədə və təhlükəsizlik sahəsində birgə əməkdaşlığın önəmi vurğulanıb və Azərbaycanın bu sahədə ciddi addımlar atdığı bildirilib.

Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlığa toxunularaq Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin əvvəlində Avropa İttifaqına uğurlu səfərindən sonra ölkəmizlə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sənədi üzərində işlərin aparıldığı və bu ilin sonuna qədər yekunlaşacağı ümidvarlıqla qeyd olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


*** 11:51

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Son xəbərlər

Orphus sistemi