Bakı. 5 aprel. REPORT.AZ/ "Yarım əsrdən çoxdur Qoşulmama Hərəkatı humanizm prinsiplərini təşviq edir və fəaliyyətini bütün ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslandırır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv olan ölkələrin xarici işlər nazirlərinin konfransında deyib.
İ.Əliyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçimlərdə Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dəstəyi Azərbaycan üçün çox vacib olub.
"Birlikdə çox şey əldə edə bilərik", - Prezident deyib.
O, çıxışı zamanı xatırladıb ki, Azərbaycan öz üzərində təcavüzü hiss edib və 25 ildən çoxdur ölkə ərazisi Ermənistan tərəfindən işğal edilib, milyondan artıq insan qaçqın və məcburi köçkün olub: "Ermənilər Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədiblər. Hərəkat üzvlərinin bu soyqırımı ilə bağlı mövqeyini ifadə etməsi üçün bu gün onlara sullarımızı ünvanlayacağıq".
Prezident bildirib ki, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın əraziləri hələ də işğal altındadır.
"Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və tanıdığına görə Qoşulmama Hərəkatına minnətdarıq", - Prezident diqqətə çatdırıb.