Bakı. 10 sentyabr. REPORT.AZ/ "Erməni vəhşiliyi bu gün də davam edir. Bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirmişdir. Bu, vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir".
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində çıxışında bildirib.
“İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur”, - deyən Prezident vurğulayıb ki, Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.