“Fransa hökumətini və müxtəlif siyasi qüvvələrini oxşar maraqlar birləşdirir, bu, ermənipərəst mövqedən çıxış etməkdir”.
Bunu "Report"a açıqlamasında Serbiya Prezidentinin keçmiş müşaviri, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun siyasi araşdırmalar, təhlil və nəşrlər üzrə direktoru Damyan Krneviç deyib.
"Əlbəttə, bu davranışın başqa səbəbləri də var - Afrikanın cənubundakı bir sıra ölkələrdə baş verən son uğursuzluqlardan sonra ölkənin öz nüfuzunu bərpa etmək istəyi buna nümunə ola bilər. Amma daxili səbəb açıq-aydın güclü, bəlkə də, həlledicidir”, - o bildirib.
Onun sözlərinə görə, bütün bunların nəticələrindən biri Fransanı gələcəkdə Azərbaycan-Ermənistan sülh danışıqlarının davam edən hər hansı aspektində ciddi rol oynamaq imkanından məhrum etmək ola bilər: “Bu, ilk növbədə Fransanın hamıdan çox dəstəklədiyi xüsusi mexanizmə aiddir. Söhbət Avropa Siyasi Birliyinin iki il əvvəlki sammiti (Praqa və Kişineuda) çərçivəsində qüvvədə olan və Qranada da davam etdirilməli olan formatdan gedir. Azərbaycan Parisin iştirakı ilə baş tutacaq heç bir formatda maraqlı olmadığını açıqlayıb. Ola bilsin, gələcəkdə vəziyyət dəyişəcək. Azərbaycanın Qranadaya səfərdən imtina etmək qərarı Fransa üçün sürpriz olmamalı idi. Üstəlik, Prezident İlham Əliyev rəsmi Parisin birtərəfli çıxışlarının və addımlarının nəticələri barədə dəfələrlə ictimaiyyət qarşısında çıxış edib”.
Ekspertin fikrincə, bütün bunlar Azərbaycan-Ermənistan sülh prosesinin gedişinə təsir göstərməyəcək, çünki Fransa bu prosesdə mərkəzi yer tutmur.