Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini onun təklifi əsasında qəbul edib.
Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Görüş zamanı qubernator ötən il dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayaraq, ölkə başçısının Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına daim dəstək verdiyini bildirib və bütün sahələrdə əlaqələrin genişləndirildiyini, o cümlədən hava və dəmir yolu nəqliyyatı, eləcə də gəmiqayırma sahələrində işlərin aparıldığını vurğulayıb.
P.Bülbüloğlu Azərbaycanın Həştərxan vilayəti ilə münasibətlərin daim müsbət olduğunu, tarixi köklərə və qarşılıqlı etimada əsaslandığını bildirərək, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi önəm verdiklərini qeyd edərək, onların Həştərxan vilayəti qarşısında xidmətlərinə görə bu vilayətin rəhbərliyi tərəfindən ordenlərlə təltif edildiklərini xatırlayıb. Səfir həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi tərəfindən Həştərxanda bir çox layihələrin reallaşdırıldığını qeyd edib və Həştərxan şəhəri ilə Bakının Nərimanov rayonu arasında dostluq əlaqələrinin mövcudluğunu vurğulayıb. Eyni zamanda Həştərxan vilayətinin sabiq qubernatoru Aleksandr Jilkinin Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini də qeyd etdib.
P.Bülbüloğlu həmçinin bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanın gözəl məkanına çevrilmiş parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə abidənin ucaldılması, Həştərxanda müqəddəs knyaz Vladimirin abidəsinin qoyulması, uşaq bağçasının və məktəbin əsaslı təmiri ikitərəfli münasibətlərin yüksək səviyyəsinin əyani göstəricisidir. İqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılması üçün böyük potensialın mövcud olduğunu deyən səfir, Azərbaycan-Rusiya Regionlararası Forumunun yaratdığı imkanlardan tam şəkildə yararlanmağın önəmini qarşı tərəfin diqqətinə çatdırıb.
P.Bülbüloğlu iyul hadisələri ilə bağlı bölgədə yaranmış vəziyyət barədə həmsöhbətini tam şəkildə məlumatlandırıb.
Qubernator İqor Babuşkin ətraflı məlumata və maraqlı müzakirələrə görə təşəkkürünü ifadə edərək, Həştərxanın sıx əməkdaşlığa hazır olduğunu bir daha təsdiq edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.