Pakistan ölkədə "ASAN xidmət"in idarəedici orqanını yaratmaq niyyətindədir

Xarici siyasət
  • 24 noyabr, 2026
  • 18:35
Pakistan ölkədə ASAN xidmətin idarəedici orqanını yaratmaq niyyətindədir

Pakistan ölkə üzrə "ASAN xidmət" mərkəzlərində göstərilən dövlət xidmətlərinin standartlaşdırılması üçün idarəedici orqan yaratmaq niyyətindədir.

"Report" Pakistan hökumətinə istinadən xəbər verir ki, bunu Baş nazir Şahbaz Şərif İslamabadda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşündə bildirib.

Ş.Şərif həmçinin bütün Pakistanda "ASAN xidmət" mərkəzlərinin açılması üçün aidiyyəti qurumlara əyalət hökumətləri ilə qarşılıqlı fəaliyyət göstərməyi tapşırıb.

Baş nazir İslamabadda "ASAN xidmət" mərkəzinin yaradılmasına göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirərək, bunu vətəndaşların müxtəlif dövlət xidmətlərini vahid məkandan əldə etməsinə imkan verən mühüm təşəbbüs adlandırıb. O, həmçinin mərkəzin fəaliyyətinin müstəqil auditinin aparılmasında Azərbaycan tərəfinin göstərdiyi köməyi yüksək qiymətləndirib və qeyd edib ki, onun nəticələri əhaliyə xidmət göstərilməsinin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək.

Tərəflər təşəbbüsün gələcək inkişafı və genişləndirilməsini əlaqələndirmək üçün birgə işçi qrupun yaradılması barədə razılığa gəliblər.

Qeyd olunub ki, 2026-cı ilin yanvarında açıldığı andan noyabr ayınadək İslamabaddakı "ASAN xidmət" mərkəzi 244 230 müraciəti icra edib. Göstərilən xidmətlərə tələbat artmaqda davam edir.