Ceyhun Bayramov Özbəkistanda İƏT Nazirlər Şurasının iclasında iştirak edib - YENİLƏNİB-2

Ceyhun Bayramov Özbəkistanda İƏT Nazirlər Şurasının iclasında iştirak edib - YENİLƏNİB-2 Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası başlayıb.
Xarici siyasət
24 Yanvar , 2023 12:27
Ceyhun Bayramov Özbəkistanda İƏT Nazirlər Şurasının iclasında iştirak edib - YENİLƏNİB-2

Yanvarın 24-də  tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib. 

C.Bayramov bəyanatla çıxış edərək Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb. O, “Yaşıl keçid və qarşılıqlı bağlantılar” mövzusuna həsr olunan Azərbaycan sədrliyinin təşkilatın strategiya və proqramlarının, habelə “İƏT-2025” baxışlarının irəlilədilməsi üçün əhəmiyyət daşıyacağını vurğulayıb. Eyni zamanda ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb. Mərkəzi Asiya və Cənubi Qafqazdan keçməklə nəqliyyat marşrutlarının əhəmiyyət daşıdığı, bu xüsusda, Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın irəlilədilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformaların təsis edildiyi bildirilib. Azərbaycan-Türkiyə-Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilmiş görüş zamanı qəbul edilmiş Bakı Bəyannaməsi və bununla əlaqədar Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizin inkişaf etdirilməsi üzrə qərarlar qeyd edilib.

Nazir Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb. Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırıb. Qeyd edilənlərlə yanaşı, ölkənin enerji təhlükəsizliyin təmin edilməsi sahəsində apardığı işlər barədə ətraflı məlumat verilib, ötən ilin iyul ayında ölkəmizlə Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun yaşıl enerji resurslarının inkişafı, eləcə də Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Qara Dənizin altından keçməklə elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin bölgədə əməkdaşlığın daha genişlənməsinə töhfə verəcəyi bildirilib.

Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.

C.Bayramov post-münaqişə dövründə Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib, sözügedən ərazilərdə "Yaşıl enerji zonası", azad iqtisadi zonalar yaradılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra İƏT-in Baş katibi və digər üzv dövlətlərin xarici işlər nazirləri bəyanatlarla çıxış ediblər.

Nazirlər Şurasının iclası zamanı təşkilatın fəaliyyətinə dair bir sıra sənədlər qəbul edilib. Nazirlər Şurasının iclasının yekun sənədi kimi qəbul edilmiş Daşkənd Kommünikesində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış Üçtərəfli bəyanatlara uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb.

Kommünike çərçivəsində həmçinin Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması və hörmət əsasında tənzimlənməsinə dəstək ifadə olunub. Bunun bölgədə mehriban qonşuluq əlaqələri yaradılmasına, davamlı sülh və iqtisadi tərəqqiyə töhfə verəcəyinə inam ifadə olunub.

C.Bayramovun səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

11:03

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın 2023-cü ildə sədrliyi ilə bağlı bəyanatla İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclasında çıxış edir.

“Report” xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclası keçirilir.

10.08

Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası başlayıb.

“Report”un xəbərinə görə, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

C.Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi