Özbəkistan prezidenti Narkoloji Mərkəzdəki faciə ilə bağlı başsağlığı verib

Özbəkistan prezidenti Narkoloji Mərkəzdəki faciə ilə bağlı başsağlığı verib Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Xarici siyasət
4 Mart , 2018 15:46
Özbəkistan prezidenti Narkoloji Mərkəzdəki faciə ilə bağlı başsağlığı verib

Bakı. 4 mart. REPORT.AZ/ Özbəkistan prezidenti Şavkat Mirziyoyev martın 2-də Respublika Narkoloji Mərkəzində çoxsaylı insanın ölümünə səbəb olan faciə ilə əlaqədar Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, Özbəkistan lideri məktubunda yanğın nəticəsində ölənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

2018-ci il martın 2-də, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Son xəbərlər

Orphus sistemi