Azərbaycanla Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın inkişafı və daha da möhkəmləndirilməsi vacibdir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qətərin Milli Günü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyinin keçirdiyi qəbulda deyib.
Nazir vurğulayıb ki, Azərbaycan ətraf mühitin qorunması və iqlim dəyişikliklərinin təsirlərinin azaldılması məsələlərinə böyük önəm verir və bu istiqamətdə əhatəli tədbirlər həyata keçirir:
“Azərbaycan ilə Qətər arasında 2017-ci ildə vəhşi təbiətin qorunması üzrə Anlaşma Memorandum imzalanıb və bu istiqamətdə birgə tədbirlər həyata keçirilib. Bu addımlar ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın nümunəsidir”.
M.Babayev son olaraq COP29-dan söz açaraq bu konfransda Azərbaycanın bitərəf vasitəçi qismində çıxış edərək danışıqların ədalətli və qərəzsiz şəkildə aparılması üçün şərait yaratdığını söyləyib:
“Azərbaycan “Yaşıl dünya naminə həmrəylik” şüarı altında qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə nümunəvi liderlik nümayiş etdirərək bütün dövlətləri ədalətli, inklüziv və dayanıqlı bir dünya naminə birliyə və həmrəyliyə çağırdı.
Bakıda keçirilmiş COP29 konfransı böyük uğurla yekunlaşdı və Azərbaycan iqlim danışıqlarında tarixi əhəmiyyət daşıyan nəticələrin əldə olunmasına müvəffəq oldu”.