“Azərbaycanın işğaldan azad edilən ərazilərində qısa müddət ərzində hava limanlarının tikilməsini, magistral yolların çəkilməsini, kənd təsərrüfatı ilə bağlı real nəticələr verən layihələrinin həyata keçirilməsini gördüyümüz üçün azərbaycanlı qardaşlarımızla fəxr edirik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin iclasında deyib.
Nazirin sözlərinə görə, rəsmi Ankara Tarixi İpək Yolunu canlandırmaq üçün nəqliyyat sahəsindəki investisiyalarını və diplomatik səylərini artırıb, bunun nəticəsində Türkiyəni və Türk dünyasını Şərq-Qərb axınının mərkəzinə yerləşdirib: “Azərbaycanla birlikdə Özbəkistan, Qazaxıstan və Türkmənistanla üçtərəfli formatlarımız nəzərəçarpacaq nəticələr verməkdə davam edir. Qismət olsa, sabah səhər Azərbaycan və Türkmənistanla keçirəcəyimiz üçtərəfli zirvə görüşünə hazırlıq üçün energetika və nəqliyyat nazirlərimizlə birlikdə Avazaya gedəcəyik. Müdafiə sənayesindəki uğurlarımız isə çəkindirici gücümüzü artırmaqla yanaşı, diplomatiyada bizim üçün yeni sahələr açıb”.
Atəşkəs dövründə Azərbaycanın gördüyü hazırlıqların Qarabağ zəfərini gətirdiyini vurğulayan XİN başçısı bildirib ki, Türkiyə qələbədən dərhal sonra sülh və yenidənqurma səylərinə öz dəstəyini göstərib: “Uzaqgörən siyasətlə illərdir Türk Dövlətləri Təşkilatı (TDT) üçün göstərdiyimiz səylər də öz bəhrəsini verir. Ötən ay keçirilən Səmərqənd Sammitində tarixi addımların şahidi olduq”.
“Türk Dövlətləri Təşkilatının institusional hüquqi infrastrukturu tamamlanıb və beş illik Strategiya Sənədi, həmçinin sadələşdirilmiş gömrük xətti, birləşdirilmiş yükdaşıma və ticarətin asanlaşdırılması ilə bağlı sənədlər qəbul edilib. TÜRKPA, Türksoy, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun çətiri altında toplanması qərara alınıb. Şimali Kipr Türk Respublikası tarixi bir qərarla təşkilatımıza müşahidəçi üzv kimi qəbul olunub. Milli işimizdəki bu nailiyyət iki dövlətli həll üçün səylərimizi gücləndirəcək”, - M. Çavuşoğlu söyləyib.