Moskvada Zəfər Gününə həsr olunan tədbir keçirilib

Moskvada Zəfər Gününə həsr olunan tədbir keçirilib Azərbaycanın Moskvadakı səfirliyində 44 günlük müharibədə zəfərin ildönümü qeyd olunub.
Xarici siyasət
9 Noyabr , 2021 09:53
Moskvada Zəfər Gününə həsr olunan tədbir keçirilib

Azərbaycanın Moskvadakı səfirliyində 44 günlük müharibədə qazanılan Zəfərin ildönümü qeyd olunub.

“Report”un Rusiya bürosu xəbər verir ki, tədbirdə İkinci Qarabağ müharibəsinin hadisələrini əks etdirən fotosərgi nümayiş edilib.

Zəfərin ildönümünə həsr olunan bayram tədbiri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən danışıb: “Cənab Prezidentin Şuşada əsgərlər qarşısında çıxışını dinlədik. Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Şuşada gördükdə ürəyim riqqətə gəldi və buna görə onlara minnətdarlığımı bildirirəm. Əslən Qarabağdan olan biri kimi buna çox şadam. Nəhayət ki, biz bu günü görə bildik. Zəfər çox dərin bir sözdür”.

Səfir şəhid ailələrinə baş sağlığı verib və qazilərə şəfa diləyib: “Biz müharibədə qələbəni əsgərlərimizin canı bahasına qazandıq. Düşmən torpaqlarımızdan qovuldu, Şuşa geri qaytarıldı. Qarabağ Azərbaycandır! Bizim təsəllimiz bundadır”.

Polad Bülbüloğlu həmçinin azad edilən ərazilərdə aparılan bərpa işləri haqqında da danışıb. O, qısa müddət ərzində Füzulidə Beynəlxalq Hava Limanının tikilməsini, həmçinin Zəfər yolunun çəkilməsini qeyd edib.

Polad Bülbüloğlu Qarabağ məsələsində göstərdikləri daimi dəstəyə görə Türkiyə, İsrail və Pakistan səfirlərinə xüsusi minnətdarlığını bildirib.

Tədbirdə həmçinin Milli Məclisin deputatları, Türkiyə, İsrail, Pakistan və Qazaxıstanın Moskvadakı səfirləri, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi