Tbilisi. 5 oktyabr. REPORT.AZ/ Moldovanın paytaxtı Kişineu şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının iclası keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, toplantıda Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, Gürcüstanın Baş naziri Mamuka Baxtadze, Moldovanın Baş naziri Pavel Filip və Ukraynanın Baş naziri Vladimir Qroysman iştirak ediblər.
İclasda GUAM-ın beynəlxalq arenada rolunun gücləndirilməsi, nəqliyyat və infrastruktur layihələri, üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması, GUAM-Yaponiya və GUAM-ABŞ formatları müzakirə olunub.
Tərəflər həmçinin təşkilat çərçivəsində siyasi və iqtisadi konsolidasiyanın gücləndirilməsi, sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, GUAM-ın tərəfdaş ölkələrlə əlaqələrin və üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın intensivləşdirilməsi məsələlərini də nəzərdən keçiriblər.
Qeyd olunub ki, GUAM ölkələrinin ərazi bütövlüyü məsələsi ən ağrılı və ümumi problemdir. Bununla bağlı beynəlxlaq dəstəyin səfərbər edilməsinin vacibliyi vurğulanıb.
Toplantıda GUAM-ın Yaponiya və ABŞ ilə əməkdaşlıq formatlarının gücləndirilməsi, həmçinin yeni tərəfdaş və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarına da diqqət ayırılıb.
Eyni zamanda tərəflər sahələr üzrə uğurlu əməkdaşlıq üçün atılan addımları da nəzərdən keçiriblər. GUAM çərçivəsində azad ticarət zonası və nəqliyyat dəhlizi layihələrinin tam reallaşdırılmasının zəruriliyi qeyd olunaraq bu layihələrin üzv ölkələrin iqtisadi inkişafına müsbət təsir edəcəyi bildirilib.
İclasın yekununda birgə bəyanat imzalanıb. Toplantı çərçivəsində həmçinin GUAM-a üzv ölkələrin gömrük idarələri arasında protokol da imzalanıb. Sənəd gömrük qurumları arasında gömrük qanun pozuntuları üzrə qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.