Mirziyoyev: Azərbaycan Özbəkistanın mühüm strateji tərəfdaşı və müttəfiqidir

Mirziyoyev: Azərbaycan Özbəkistanın mühüm strateji tərəfdaşı və müttəfiqidir Azərbaycan Özbəkistanın mühüm strateji tərəfdaşı və müttəfiqidir.
Xarici siyasət
23 Avqust , 2024 13:00
Mirziyoyev: Azərbaycan Özbəkistanın mühüm strateji tərəfdaşı və müttəfiqidir

Azərbaycan Özbəkistanın mühüm strateji tərəfdaşı və müttəfiqidir və səfər zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilə bunu sübut edir.

"Report" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın dövlət başçısı İlham Əliyevlə mətbuata bəyanatında deyib.

“Biz bu gün tarix yazdıq və bu tarix öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacaq”, - o bildirib.

O, Azərbaycan liderinin Özbəkistana səfərini tarixi adlandırıb:

“Xüsusi məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin inkişafı baxımından tarixi hadisədir. Bu gün biz müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanğıcını simvolizə edir”.

Özbəkistan Prezidentinin sözlərinə görə, bununla da iki ölkə arasında çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişaf etdirilməsi kursuna qəti sadiqlik təsdiqlənib.

Ş.Mirziyoyev qeyd edib ki, Özbəkistanın müttəfiqlik münasibətləri saxladığı ölkələrin sayı çox azdır, amma indiyədək heç bir ölkə ilə bu cür qısa müddətdə belə müqavilə imzalanmayıb:

“Bizi ümumi tarixi köklər və çoxəsrlik dostluq birləşdirir. Bizim dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz eynidir. Bütün bunlar hərtərəfli əməkdaşlıq üçün möhkəm zəmin rolunu oynayır. Bu gün biz çoxşaxəli əlaqələrimizin bütün spektrini ətraflı müzakirə etdik və çoxtərəfli platformalarda dəstək verməyə razılaşdıq”.

Son xəbərlər

Orphus sistemi