Yuxarı

Məmmədyarov: "Xarici işlər nazirlərinin üçtərəfli görüşü əməkdaşlıq üçün çox səmərəli platformadır"

Biz siyasi, iqtisadi və digər sahələrdə bu əməkdaşlığın uğurlu nəticələrini əldə etmişik

Tbilisi. 19 fevral. REPORT.AZ/ "Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin üçtərəfli görüşü əməkdaşlıq üçün çox səmərəli platformadır".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə üç ölkənin XİN başçılarının 5-ci iclasında çıxış edərkən deyib.

"Biz siyasi, iqtisadi və digər sahələrdə bu əməkdaşlığın uğurlu nəticələrini əldə etmişik", - deyə nazir bildirib.

O, həmçinin Ankarada törədilən terror aktı ilə əlaqədar qardaş Türkiyə xalqına başsağlığı verib. E.Məmmədyarov Azərbaycanın terrorizmin bütün formalarını pislədiyini vurğulayıb: "Ankarada törədilən bu mənfur terror aktı hamımız üçün problemdir".

Çıxışı zamanı E.Məmmədyarov üç ölkə arasında enerji sahəsindəki əməkdaşlıq məsələlərinə də toxunub və Cənub dəhlizi layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.

"Ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaq üçün əlverişli imkanlar yaradır. Ona görə də hesab edirik ki, bizim coğrafi məkanda nəqliyyat infrastrukturu, ələlxüsus kommunikasiya xətlərinin qarşılıqlı bağlılığı və infrastrukturun inkişafı əsas əməkdaşlıq sahələrindən biri olmalıdır.

Azərbaycan hər zaman Xəzərin enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılması üçün öz tranzit imkanlarını təklif etmişdir. BTC layihəsinin uğurla həyata keçirilməsindən sonra biz regionda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olmuşuq. Azərbaycan Cənub Qaz Dəhlizinin əsas xətləri olan Trans Anadolu Kəməri – TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı layihələrinin həyata keçirilməsi vasitəsilə Avrasiyanın ən əhəmiyyətli regionlarını birləşdirir. Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı Şərq-Qərb Dəhlizinin əsas seqmenti olacaqdır" - deyə nazir bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi