MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski, MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini - Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Çox hörmətli İlham Heydər oğlu,
MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından yubileyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.
Sizin sayənizdə ölkəniz siyasi, iqtisadi və sosial sahələrdə böyük nailiyyətlər qazanmış, beynəlxalq əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirmiş, dünyanın və regionun gündəliyində olan aktual məsələlərin həllində rolunu gücləndirmişdir.
MDB parlamentariləri Sizi öz ölkəsinin həqiqi lideri, Birlik məkanında inteqrasiya proseslərinin fəallaşmasına böyük töhfə verən, iştirakçı ölkələr arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin möhkəmlənməsinə xüsusi diqqət yetirən siyasi xadim kimi tanıyır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, Azərbaycan Respublikasının inkişafı və onun vətəndaşlarının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq".