Masallıda qətl törətməkdə təqsirləndirilən Kənan Bəyoğlanlı və Natiq Bəyoğlanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Cavid Səfərlinin icraatına verilib.
Hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Qeyd edək ki, hadisə sentyabrın 7-də saat 01.00 radələrində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Malik Şiriyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İstintaqla zərərçəkmişin tanışı 1998-ci il təvəllüdlü Kənan Bəyoğlanlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Malik Şiriyevə bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib. Kənan Bəyoğlanlı tutularaq istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə təqsirləndirilir. İstintaqın gedişində Natiq Bəyoğlanovun cinayətlə əlaqəsi müəyyən edilib və ona da ittiham verilib.
Mediada yayılan məlumata görə, mərhum Malik Şiriyev Kənan Bəyoğlanlının bacısı ilə rəsmi nikahı olsa da, karantin rejiminin qaydalarına görə toyları təxirə düşüb. Sonradan boşanmaq qərarına gələn cütlüyün işi məhkəmədə olub.