“Rusiyadakı informasiya müharibəsində Azərbaycan Ermənistandan daha uğurlu oldu. Döyüş əməliyyatları zamanı Ermənistan bu ölkənin rəhbərliyinin sonradan etiraf etdiyi kimi, son dərəcə saxtalaşdırılmış formada məlumat verirdi”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov “İnformasiya müharibələri. Qarabağ uğrunda döyüş rusiyalıların kütləvi şüurunda” mövzusunda Moskvada keçirilmiş dəyirmi masa zamanı deyib.
“Burada Ermənistan bir neçə təbliğat xətti apardı. Birincisi, ermənilər xristiandır, qardaş xalqdır və bu səbəbdən ruslar onlara kömək etməlidir. Bu xətt əhalinin müəyyən dəstəyi ilə qarşılandı. Tədricən ön plana çıxan ikinci xətt isə müharibənin Azərbaycan və Ermənistan arasında yox, Türkiyə ilə Rusiya arasında olması düşüncəsi idi. Amma bu təbliğat xətti tam iflasa uğradı, çünki Vladimir Putin kəskin şəkildə buna qarşı çıxdı, Rusiya ilə Türkiyə arasında yaxşı əlaqələr olduğunu, Ərdoğan haqqında çox xoş sözlər söylədi. Digər uğursuz xətt Rusiyanın hərbi əməliyyatlara müdaxilə edib əsgər göndərməli olması ilə bağlı idi. Bu, Rusiya ictimaiyyətində böyük reaksiyaya səbəb oldu. Vətəndaşlar nəhəng erməni diasporunun oğullarını Dağlıq Qarabağda döyüşməyə göndərmədiyi halda rusların Ermənistan üçün ölməli olduğunu qəbul etmədi. Özü də düşünürəm ki, bu reaksiyanın uzunmüddətli nəticələri olacaq”, - Markov bildirib.
“Ümumiyyətlə, informasiya müharibəsinin nəticələrinə əsasən deyə bilərik ki, əvvəlcə Ermənistan böyük üstünlük qazanmışdı, çünki xristian ölkəsidir, çünki Rusiyadakı erməni diasporu azərbaycanlılarınkından daha güclü və daha nüfuzludur və Rusiya mediasında çox təsirli qüvvəyə malikdirlər. Ancaq bu üstünlük reallaşdırılmadı. Azərbaycanın ən mühüm uğuru ondan ibarət idi ki, əvvəlki dövrlərdən fərqli olaraq, indi Rusiya mediasında Azərbaycanın mövqeyini çatdıranlar var və onlar kifayət qədər effektiv çalışdılar. Əvvəllər informasiya müharibəsində erməni tərəfinin mütləq üstünlüyü var idi, indi belə mütləq üstünlük yox idi”, - politoloq vurğulayıb.