Maltanın XİN başçısı: "Azərbaycanla münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsindən məmnunam"

Maltanın XİN başçısı: "Azərbaycanla münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsindən məmnunam" Elmar Məmmədyarov maltalı həmkarı ilə görüşüb
Xarici siyasət
18 Aprel , 2017 16:01
Maltanın XİN başçısı: Azərbaycanla münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsindən məmnunam
Azərbaycan XİN saytı

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Corc Vella ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, C.Vella 2016-cı ilin aprel ayında Bakıya etdiyi səfərini və səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladaraq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb.

Görüşdə iki ölkə arasında münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsinin məmnunluq ifadə edilərək, ikitərəfli münasibətlərin inkişafi baxımından son dövrlər həyata keçirilən yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd edilib. Enerji sektorunda səmərəli əməkdaşlığın mövcudluğu, eləcə də iqtisadiyyatın digər sahələri, turizm, sərmayə qoyuluşu, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd olunub.

Azərbaycan və Malta arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından ikitətərəfli hüquqi-normativ bazanın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, xüsusilə də iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafı üçün müvafiq sənədlərin imzalanmasının vacibliyi vurğulanıb.

Görüşdə həmçinin terrorçuluq, həll edilməmiş münaqişələrin beynəlxalq sülh, sabitlik və təhlükəsizliyə təhdid olduğu qeyd edilib. Bu xüsusda, nazir E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesinin cari durumu, o cümlədən Azərbaycanın mövqeyi haqqında ətraflı məlumat verib.

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, Maltanın hazırda Avropa İttifaqına sədrliyinin bu əməkdaşlığa verə biləcəyi töfhələr haqqında fikir mübadiləsi aparılıb. Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazişin imzalanmasına Malta tərəfindən dəstək ifadə edilərək, Azərbaycanın Avropa üçün enerji, eləcə də nəqliyyat baxımından əhəmiyyəti vurğulandı və bu sahədə müvafiq layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.

Sonda Elmar Məmmədyarov Malta Xarici İşlər Nazirliyinin xatirə kitabına ürək sözlərini yazıb.

Son xəbərlər

Orphus sistemi