“Azərbaycan Cənubi Qafqaz regionunun əsas geosiyasi oyunçusu və iqtisadi mərkəzidir”.
“Report” xəbər verir ki, bu barədə “Pakistan Economic Net & Daily Ittehad Media Group”un baş redaktorunun müavini Maaric Farukun məqaləsində bildirilib.
“Bu ölkə Şərqi Avropa və Qərbi Asiyanın kəsişməsində yerləşir, Qafqaz regionunda aparıcı rol oynayır, regiondakı vəziyyəti dəyişir”, - o qeyd edib.
M.Farukun fikrincə, Qarabağ məsələsinin həlli Azərbaycanın suverenliyə və uzunmüddətli sülhə sadiqliyini əks etdirir: “Azərbaycanın iqtisadi sahədə yolu sanki kinematoqrafiya transformasiyasıdır. Bu iqtisadi dastanın ilk aktı olan neft və təbii qaz bumu Azərbaycan xalqını tərəqqi və yüksəliş dövrünə aparıb. Amma hər hansı bir möhtəşəm hekayə kimi, burada da bir dönüş nöqtəsi var. Söhbət bu təbii sərvətlərdən hədsiz dərəcədə asılılığın daimi olmamasının dərk edilməsindən gedir”.
Onun sözlərinə görə, bu məsələnin başa düşüldüyünü iqtisadiyyatın şaxələndirilməsi və davamlı inkişafa, kənd təsərrüfatına, turizmə və texnologiyaya keçidlə bağlı yeni fəslin açılması göstərir: “Hökumətin texnologiya və innovasiya mərkəzlərinə sərmayəsi startaplar və qlobal biznes üçün canlı ekosistem yaradır. Bununla dünyanın hər yerindən istedadlı şəxslər və sərmayələr cəlb edilir”.
Məqalə müəllifi vurğulayıb ki, Azərbaycanın keçdiyi yol transformasiya və dayanıqlılıqla bağlı möhtəşəm hekayədir. O əlavə edib ki, qlobal məsələlərdə vacib statusa malik olan Azərbaycan geosiyasi problemlərin və iqtisadi çağırışların öhdəsindən məharətlə gəlir.