Kollektiv Qərb Cənubi Qafqaz üzərindən təhlükəli planlar həyata keçirmək istəyir - RƏY

Kollektiv Qərb Cənubi Qafqaz üzərindən təhlükəli planlar həyata keçirmək istəyir - RƏY Kollektiv Qərb Cənubi Qafqaz regionu üzərindən çox təhlükəli planlar həyata keçirmək istəyir.
Xarici siyasət
24 Aprel , 2024 17:57
Kollektiv Qərb Cənubi Qafqaz üzərindən təhlükəli planlar həyata keçirmək istəyir - RƏY

Kollektiv Qərb Cənubi Qafqaz regionu üzərindən çox təhlükəli planlar həyata keçirmək istəyir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Qərb Cənubi Qafqazda özünün əsas geosiyasi rəqibi olan Rusiyaya qarşı üstünlüklərini yaratmaq niyyəti güdür:

“2018-ci ildə Paşinyanın Ermənistanda hakimiyyətə gətirilməsi də onun anti-Rusiya mövqeyi tutmasının nəticəsi idi. Onun rəhbərlik etdiyi hərəkat “Çıxış” adlanırdı. Görünürdü ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi İttifaqından çıxması Paşinyanın əsas hədəfləri idi. Bu dalğa üzərindən də hakimiyyətə gətirildi. Kollektiv Qərb onun iradəsinə tabe olmayaraq öz milli maraqları çərçivəsində siyasət yürüdən dövlətləri həzm edə bilmir. Buna görə də Azərbaycana qarşı aşkar qərəzli mövqe sərgiləyir. Ermənistan isə müstəqil siyasət həyata keçirə bilmədiyindən kollektiv Qərbin alətinə çevrilib”.

E.Mirbəşiroğlu qeyd edib ki, aprelin 5-də Brüsseldə başlanan görüş zamanı ictimailəşdirilən və ətrafında müzakirələr aparılan məsələlər tamam fərqli idi:

“Görüşdən öncə bildirildi ki, Ermənistana təhlükəsizlik təminatı veriləcək. Bunun da kimə qarşı olacağı məlumdur. Ermənistan hazırkı yeni reallıqların təsiri altında geri çəkilmək məcburiyyətində qalsa da, Azərbaycana olan ərazi iddialarından əl çəkmir. Aydın görünür ki, rəsmi İrəvan bütün vasitələrə əl ataraq Azərbaycanın yaratdığı reallığı dəyişdirmək istədi. Qərb isə bu istiqamətdə ona kömək etdi. Lakin Azərbaycan Prezidentinin iradəsi, strateji baxışları sayəsində Ermənistan və onun havadarlarının bütün cəhdləri başlanğıcdan fiaskoya uğradı”.

Deputat vurğulayıb ki, Ermənistan və onun havadarları Azərbaycan liderinin iradəsini qəbul etmək məcburiyyətindədir:

“Artıq Qərb Azərbaycanın təsir imkanlarını və gücünü qəbul etməyə niyyətlidir. Buna baxmayaraq, Ermənistan üzərindən Rusiyaya qarşı mübarizəni davam etdirəcəklər və Cənubi Qafqazda gərginliyin yaradılmasını şərtləndirəcək addımlar atacaqlar. Ona görə də Azərbaycan kimi güclü dövlətin mövqeyi həlledici ola bilər. Azərbaycanla Rusiya arasında çox konstruktiv münasibətlər mövcuddur. Əlaqələrin hazırkı xarakteri bütövlükdə Cənubi Qafqaz regionunda vəziyyətə real təsir göstərir və bölgənin təhlükəsizliyinin təmin olunmasında həlledici amil kimi çıxış edir. Ölkəmiz kollektiv Qərbin təhlükəli planlarının qarşısının alınması istiqamətində təsirli addımlar atmaq iradəsini və potensialını nümayiş etdirməkdədir”.

Son xəbərlər

Orphus sistemi