Azərbaycanın fransız təkəbbüründən yorulduğunu Afrika nümayəndələri başa düşürlər. Bu, özünü başqa ölkələrdə insan hüquqlarının vəziyyətini qiymətləndirmək və tövsiyələr vermək cəhdində göstərir. Fransa yol verdiyi pozuntuları nəzərə almır.
"Report" xəbər verir ki, bunu “URGENCES PANAFRICANISTES” adlı QHT-nin rəhbəri Kemi Seba “Afrikada Fransanın neokolonializm siyasəti” adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Fransa hökuməti digər dövlətləri insan hüquqlarını pozmaqda ittiham edir, lakin onlar bunu qaradərili əhaliyə qarşı həyata keçirir.
K.Seba qeyd edib ki, Fransa təkcə başqa ölkələrə şərtlər diktə etməyə çalışmır, həm də müstəmləkələrinin üzləşdiyi problemləri nəzərə almır.
O, həmçinin izah edib ki, panafrikanistlərin Bakıdakı konfransda iştirakı Qoşulmama Hərəkatının keçmiş sədri və fəal üzvü olan Azərbaycanın müstəmləkə xalqlarının müstəqillik uğrunda mübarizəsinə dəstəyi ilə bağlıdır: "Canlı yayımda bizi izləyənlər sual verə bilər ki, panafrikanistlər Bakıya, Azərbaycana necə gəlib çıxıblar? Cavab sadədir: Bakı müstəmləkəçilik probleminin dünya səviyyəsinə qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilib. Buraya öz müqəddəratımızı təyin etmək uğrunda mübarizəmizi davam etdirmək üçün gəlmişik".
Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.
K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.
Fransa hökumət orqanları K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün bir neçə dəfə həbs edib.
Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.
K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.