Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Maliki ilə görüşüb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan və Pakistan arasındakı münasibətlərin tarixən sarsılmaz dostluq və qardaşlıq, qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu vurğulayan nazir K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasından danışıb.
Bu kontekstdə 2021-ci ilin 13 yanvar tarixində İslamabad şəhərində imzalanmış “Azərbaycan Hökuməti ilə Pakistan Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”in əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd edən nazir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malik COP29-da iştirakdan məmnunluq ifadə edib, qlobal əhəmiyyətli tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verən qonaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qurum arasında münasibətlərin dərinləşdirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətindən danışıb.