Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində törətdiyi hərbi təxribatı və 30 ildən çox Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü İtaliya rəhbərliyinin, parlament üzvlərinin, yerli ictiamiyyətin diqqətinə çatdırmaq, eləcə də Ordumuza dəstək nümayiş etdirmək üçün İtaliyada yaşayan həmvətənlərimiz İtaliya parlamentinin qarşısında sanksiyalaşdırılmış aksiya keçiriblər.
Azərbaycanın İtaliyadakı Səfirliyindən "Report"a verilən məlumata görə, aksiyada ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Ardınca aksiya iştirakçılarının Ermənistanın son hərbi təxribatları barədə İtaliyanın dövlət qurumlarına müraciəti oxunub.
Müraciətdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin, o cümlədən Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun işğal edildiyi, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildiyi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün olduğu, Ermənistanın çoxsaylı müharibə cinayətləri, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdiyi, beynəlxalq hüquqa və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş çoxsaylı sənədlərə məhəl qoymadığı bildirilib. Eləcə də, bu təcavüzün davamı olaraq 12 iyul tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlara əl atdığı, Azərbaycan silahlı qüvvələrinin mövqeləri ilə yanaşı, əhalinin sıx olduğu yaşayış məntəqələrini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutduğu, nəticədə Azərbaycan silahlı qüvvələrinin 12 hərbçisinin, 76 yaşlı mülki şəxsin qətlə yetirildiyi, çoxsaylı insanların yaralandığı, yaşayış məntəqələri və mülki obyektlərə ziyan vurulduğu qeyd olunub. Ermənistanın hərbi təxribatlarının bu dəfə işğal olunmuş ərazilərdəki təmas xəttində deyil, iki ölkənin dövlət sərhədində, xüsusilə də Azərbaycandan Avropaya, o cümlədən İtaliyaya neft və qazın nəqlini həyata keçirən strateji enerji infrastrukturunun və nəqliyyat dəhlizinin təmərküzləşdiyi Tovuz rayonu ərazisində baş verdiyi və bunun Ermənistanın aidiyyəti layihələrə mane olmaq cəhdi olduğu vurğulanıb.
Müraciətdə İtaliyaya bu çətin günlərdə Azərbaycan xalqı ilə göstərdiyi həmrəyliyə görə təşəkkür edilib, eləcə də Ermənistanın təcavüzünün Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə, o cümlədən enerjidaşıyıcıların Avropa, xüsusilə də İtaliyaya davamlı təchizinə təhdid olduğu nəzərə alınaraq, Ermənistanın son hərbi təxribatlarının pislənilməsi və bu ölkənin Azərbaycana qarşı təcavüz siyasətindən əl çəkməsi üçün ona təzyiq edilməsi barədə İtaliya hökuməti və parlamentinə çağırış edilib. Müraciət İtaliya parlamentinə, hökumətinə, eləcə də digər dövlət qurumlarına təqdim edilib.
Aksiyada, habelə Ermənistanın son hərbi təxribatlarında Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin hər birinin adı çəkilib və onların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca “Şəhidlər ölməz! Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!”, “Xocalıya ədalət”, “Erməni təcavüzünə son” , “Erməni işğalına son”, “Ermənistan əsgərləri Azərbaycan torpaqlarında nə edir?”, “BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir”, “Təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoyulmalıdır”, “Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünü pisləməlidir”, “İtaliya, dəstək və həmrəyliyə görə çox sağ ol” və digər şüarlar səsləndirilib.
Aksiya iştirakçıları, habelə Ordumuza dəstək məqsədilə “Əsgər marşı”nı oxuyublar. Aksiyanı izləyən və həmin ərazidən keçən şəxslərə xüsusi olaraq hazırlanmış məlumat vərəqələri, müvafiq xəritələr və təbliğat materialları paylanılıb.