"İranın ali rəhbəri Azərbaycan xalqından üzr istəməlidir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Madər Musayev deyib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum çox dərin təəssüf və təəccüb doğurur: "Təəssüf doğurur ona görə ki, bu xain hücum özünü bizə qardaş ölkə kimi göstərmək istəyən İranda baş verib. O da heç kəsə sirr deyil ki, son zamanlar İran özünü qardaş deyilə biləcək dövlət kimi aparmır. Açıq-aşkar hər bir ölkə tərəfindən qəbul edilən qanunları pozur, beynəlxalq hüquqa etinasızlıq nümayiş etdirir".
Deputat bildirib ki, İran beynəlxalq hüquqa hörmət etsəydi, Azərbaycan səfirliyinə bu gün belə bir xain hücum yaşanmazdı: "Diplomatik əlaqələr haqqında 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasına əsasən ev sahibi ölkə xarici missiyaların təhlükəsizliyinə tam məsuliyyət daşıyır. Ancaq biz bu gün nəyin şahidi olduq? Açıq-aşkar gördük ki, İran bu beynəlxalq sənəddən irəli gələn müddəları qulaqardına vurur, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu, bir yana, İran rəsmiləri utanmaz-utanmaz deyirlər ki, bu hücum şəxsi səbəblər zəminində baş verib. Sual olunur ki, şəxsi münasibətlər zəminində baş verən hadisə niyə Azərbaycan səfirliyinin içərisində baş verir? Onların bu açıqlaması sadəcə gülüncdür. Mən Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəmində olduğunu düşünmürəm".
M.Musayev xatırladıb ki, son iki il ərzində xarici ölkələrdəki Azərbaycanın diplomatik missiyalarına bu hadisə ilə birlikdə 5 hücum olub: "Onu da xüsusi olaraq qeyd edim ki, bunlardan birincisi İrana bağlı dini qruplaşma tərəfindən Londonda, 2 hücum radikal ermənilər tərəfindən Parisdə və növbətisi yenə ermənilər tərəfindən Beyrutda törədilmişdi. Mən bu terror aktında İranın ölkəmizə qarşı qarayaxma kampaniyası aparamasının da rolunu görürəm. Çünki gecə-gündüz İran mediası Azərbaycan əleyhinə çox ciddi şəkildə təbliğat aparır. Hesab edirəm ki, törədilmiş terror aktı bu günə kimi İranda aparılmış anti- Azərbaycan təbliğatın və fəaliyyətin nəticəsidir. Mən İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını və İranın ali rəhbərinin də bu terror aktına görə Azərbaycan xalqından üzr istəməsini tələb edirəm!".