Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirakına görə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibə minnətdarlığını bildirib, onun burada olmasının bu tədbiri xüsusilə əhəmiyyətli etdiyini deyib.
Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, bir neçə gün əvvəl Azərbaycanda dünya dini liderlərinin iştirakı ilə böyük tədbir keçirilib və Əl-Əzhəri Şərifin nümayəndləri də orada iştirak ediblər. Prezident İlham Əliyev bu tədbirdən sonra iştirakçıların işğaldan azad edilmiş bölgələrə səfərlərinin önəminə toxunub.
Dövlət başçısı Misirə səfəri zamanı Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşünü məmnunluqla xatırlayaraq həmin görüş zamanı bir sıra önəmli məsələlələrin müzakirə olunduğunu qeyd etdi və orada gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsinin aparıldığını vurğulayıb.
İlk növbədə, COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Əl-Əzhəri Şərifin şeyxi bunun möhtəşəm tədbir olduğunu qeyd edib. O, Prezident İlham Əliyevə COP çərçivəsində Dinlər pavilyonunun təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Qonaq deyib ki, Misirə səfəri zamanı dövlət başçısı ilə görüşündən böyük şərəf hissi duyub.
Böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib işğal edilmiş torpaqların geri qaytarılması münasibətilə təbriklərini çatdıraraq deyib: “Siz həqiqətən Müzəffər Ali Baş Komandansınız. Siz qarşı tərəfə böyük səxavət göstərmisiniz. Sizin qarşı tərəfə olan humanitar rəftarınız hamıya məlumdur. Sizin bu alicənablığınız bütün dini təriqətlərin sütunlarına uyğundur”.
Əl-Əzhəri Şərifin şeyxi region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoq və sünni-şiə dialoqunda Azərbaycanın iştirakını gözlədiyini qeyd edib. Sünni-şiə dialoqunda Azərbaycanın çox uğurlu təcrübəsinin olduğunu vurğulayan böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ölkənin, həmçinin müxtəlif dinlərin nümayəndələri arasında münasibətlərdə və harmoniyada da uğurlu təcrübəsinin mövcudluğunu məmnunluqla qeyd edib.
Xoş sözlərə və Qarabağın işğaldan azad edilməsi ilə bağlı təbrikinə görə təşəkkürünü bildirən dövlət başçısı 30 il işğala məruz qalmağımıza baxmayaraq, ölkənin sülh müqaviləsi təşəbbüsü ilə çıxış etdiyini deyib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda yaşayan müsəlmanlar Heydər Əliyev məscidində vəhdət və həmrəylik namazı qılırlar. Bu təcrübəmizin digər ölkələr üçün də nümunə ola biləcəyini deyən dövlət başçısı Azərbaycanın İslam dünyasının daha da birləşməsi üçün çalışdığını vurğulayıb və İslam dünyasında bölücülük cəhdlərinin mövcudluğunu təəssüflə qeyd edib. Prezident İlham Əliyev bütün dinlərin nümayəndələrinin ölkədə rahat yaşadıqlarını deyib.
Dövlət başçısı Azərbaycan nümayəndə heyətinin Bəhreyndə keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.